Neftçala sahibkarlarına 350 min manatlıq kredit verilib
29 Oktyabr 2010 Cümə 18:05
Neftçala sahibkarlarına 350 min manatlıq kredit verilib. Bu kreditlər hesabına 55 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi təşkilatçılığı ilə Neftçalada “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Neftçala və ətraf rayonlarda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sektor müdiri Rauf Əliyev çıxışlarında regionların sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini vurğulayıb, dövlət proqramlarının uğurlu icrası regionların iqtisadi mənzərəsinin dəyişməsinə, sahibkarlıq fəaliyyətinin genişlənməsinə səbəb olduğunu bildiriblər.
Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Qorxmaz Əfəndiyev sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iş adamlarının maarifləndirilməsi, onlara nəzəri-praktiki biliklərin aşılanması istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib və diqqətə çatdırıb ki, biznes tədrisinin təkmilləşdirilməsi, qabaqcıl təcrübə mübadiləsi praktikasının tətbiq edilməsi və regionlarda müntəzəm olaraq keçirilən treninqlər özəl sektorun inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsidir.
Öz növbəsində Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat verib və bildirib ki, SKMF 2010-cu ilin ötən dövründə 1 142 sahibkara 90 milyon manatdan çox güzəştli kredit verib. Bu kreditlər hesabına 4 400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi respublikanın regionlarının payına düşür.
Tədbir çərçivəsində sahibkarlar üçün “Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması” mövzusunda treninq keçirilib və metodiki materiallar paylanıb. Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Neftçala və ətraf rayonlarda fəaliyyət göstərən 29 sahibkarlıq subyektinə 350 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 55 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan başqa, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tədbirdə Neftçala rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla müzakirələr aparılıb, güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr müəyyənləşdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: