Neft Fondunun aktivləri 21,6 faiz artıb
02 Avqust 2010 Bazar Ertəsi 12:20
İlin birinci yarısında fondun aktivləri 18 122,3 milyon dollara bərabər olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 6 101,2 milyon manat, büdcə xərcləri isə 2 630,2 milyon manat təşkil edib. Dövlət Neft Fondunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2010-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 089,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 000,1 milyon manat, Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 83,2 milyon manat, tranzit gəlirləri 4,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,9 milyon manat, akrhesabı ödənişlər 0,8 milyon manat təşkil edib.
Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 11,9 milyon manata bərabər olub.
Hesabat dövrü ərzində fondun bu il büdcəsinin icrası çərçivəsində 2 455,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 34,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 74,8 milyon manat və 53,0 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 2,8 milyon manat vəsait ayrılıb. 1,5 milyon manat “Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2010-cu ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 9,1 milyon manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar xərcləri 869,1 milyon manat təşkil edib. 2010-cu il iyulun 1-ə fondun aktivləri ilin əvvəlinə (14 900,4 milyon dollar) nisbətən 21,6 faiz artaraq 18 122,3 milyon dollara bərabər olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: