Neft Fondu bundan sonra Türkiyə və Rusiya aktivlərinə investisiya yatıra bilər
27 Oktyabr 2011 Cümə Axşamı 22:11
"ARDNF-in valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”nda bəzi dəyişikliklər edilib.

Dəyişikliklərə uyğun olaraq ARDNF-nin investisiya portfelinin vəsaitini “Böyük 7-lər”ə (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (“Standard & Poor’s”, “Fitch”) və ya “A2” (“Moody’s”) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər. Bu yarımbənddə nəzərdə tutulmayan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə ARDNF-nin investisiya portfelinin vəsaiti yalnız həmin valyutaların ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi riskinin minimuma endirilməsi (hecinq) şərtilə yerləşdirilə bilər. Valyutaların investisiya portfelində müvafiq xüsusi çəkiləri Neft Fondunun investisiya siyasəti ilə müəyyən edilir.

Bundan başqa, cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən ((“Standard & Poor’s” və ya “Fitch” və ya “Moody’s”) aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində 5 ildən az olmayan müsbət təcrübəsi və yaxud dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.

Bundan başqa, qaydalara bəzi texniki xarakterli dəyişikliklər də edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar