Naxçıvanda Türkiyə-Azərbaycan biznes forumu keçirilir
27 Oktyabr 2010 Çərşənbə 12:40
Zəfər Çağlayan: “Ermənistan Azərbaycanla Türkiyə arasına “iti bıçaq” olaraq girsə də...”.
Bu gün Naxçıvanda Azərbaycan-Türkiyə biznes forumu keçirilir. ANS TV-nin məlumatına görə, forumda Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyə tərəfdən isə xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan iştirak edir.
Tədbir çərçivəsində yerli məhsulların sərgisi təşkil olunub, türkiyəli qonaqlara Naxçıvan Muxtar Respublikasının tarixi, iqtisadi inkişafı və investisiya imkanları barədə məlumat verilib. Biznes forumda Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin müxtəlif bölgələri arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə ediləcək, əməkdaşlıq haqqında sənədlər imzalanacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər Naxçıvanın inkişafına da ciddi təsir edib. O, Naxçıvanın iki ölkə arasındakı münasibətlərin daha da irəli getməsindəki xüsusi rolundan danışıb.
Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan isə bildirib ki, Ermənistan Azərbaycanla Türkiyə arasına iti bıçaq olaraq girsə də, bu, iki ölkənin münasibətlərinə heç bir xələl gətirməyəcək və gələcəkdə Naxçıvanla Türkiyənin və Türkiyə ilə Azərbaycanın əməkdaşlığı daha da inkişaf edəcək.
Tədbir çərçivəsində yerli şirkətlər tərəfindən potensial investisiya layihələrinin təqdimatı da nəzərdə tutulur. Həmçinin müxtəlif sənədlərin imzalanacağı da gözlənilir.
Qeyd edək ki, Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın rəhbərlik etdiyi nümayəndə heyətinə Türkiyənin dövlət rəsmiləri, Naxçıvanla həmsərhəd vilayətlərin rəhbər vəzifəli şəxsləri, həmçinin işgüzar dairələrin nümayəndələri daxildirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: