Nabucco konsorsiumunun prezidenti Azərbaycana gələcək
21 İyun 2010 Bazar Ertəsi 16:55
Bu ilin iyun ayının 23-də «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek Azərbaycana səfər edəcək.
Bu barədə «APA-ECONOMICS»ə «Nabucco»nun Azərbaycanda mətbuat üzrə əlaqələndiricisi İlqar Kərimov məlumat verib.
Onun sözlərinə görə, R.Mitçek Avstriyanın nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edəcək ki, nümayəndə heyəti ölkəyə səfəri Avstriya səfirliyinin açılması ilə bağlıdır. Nümayəndə heyətinə Avstriyanın xarici işlər naziri Mixel Şpindelekker başçılıq edəcək. Səfər bir gün davam edəcək.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: