Mükafat yığımının həcmi artırılacaq
11 Dekabr 2009 Cümə 16:45
"Pasha Sığorta" müvafiq göstəricini 10 milyon manata çatdırmağı planlaşdırır
"Pasha Sığorta" şirkəti illik mükafat yığımı həcmini 10 milyon manata çatdırmağı planlaşdırır. Bu, ötən ilin göstəricindən 1,5 milyon manat artıqdır. Şirkətin planına əsasən, gələn ilin əvvəlində nizamnamə kapitalı 2 milyon manat artırılacaq. Səhmdarların yığıncağında şirkətin illik mənfəətini bu aksiyaya yönəltmək qərara alınıb. Beləliklə, onun nizamnamə kapitalı 11 milyon manata çatacaq.
Şirkətin İdarə Heyətinin sədri Nofəl Rzayev bildirib ki, qərar "Bank, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşmasının artırılmasının stimullaşdırılması haqqında" qanuna uyğundur. Onun sözlərinə görə, Yeni il bayramından sonra "Pasha Sığorta"nın Direktorlar Şurasının iclası olacaq. Orada 2010-cu ildə mükafat yığımı proqnozu, şirkətin fəaliyyət sahəsinin genişləndirilməsi müzakirə ediləcək.
Qeyd edək ki, "Pasha Holding" şirkətlər qrupuna daxil olan "Pasha Sığorta" yerli sığorta bazarında 2006-cı ilin iyunundan fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 9 milyon manatdır. Şirkət müştərilərə 30 könüllü və icbari sığorta növü üzrə xidmət göstərir. İlin 10 ayında onun mükafatlarının ümumi həcmi 9 milyon manat, ödənişləri isə 1,56 milyon manat olub.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: