Muğanbank yenilik tətbiq edəcək
27 Yanvar 2010 Çərşənbə 12:05
Muğanbank istiqrazların stimullaşdırıcı lotereyasında uduşların sayını iki dəfə artırıb.
Mükafat fondunun həcmini artırmadan "Muğanbank" ASC ötən ilin dekabrından istiqrazların stimullaşdırıcı lotereyasında uduşların sayını iki dəfə artırıb. Yenilik 30 yanvarda keçiriləcək ikinci tirajdan tətbiq ediləcək.
Bankın məlumatına əsasən, istiqrazlar üzrə qalan 79 tiraj əvvəlkitək hər 45 gündən sonra keçiriləcək. 10 illik istiqrazların dövriyyə müddətinin sonuna kimi 79 stimullaşdırıcı lotereya keçirilməsi planlaşdırılır. Onların hərəsində 10 min manatlıq 2 uduş, 5 min manatlıq 3, 2,5 min manatlıq 5, 1 min manatlıq 20, 500 manatlıq 42, 250 manatlıq 62, 100 manatlıq 66 uduş olacaq.
Tirajların gedişində ümumi məbləği 110,6 min manat olan 200 pul mükafatı olacaq. Nominal qiyməti 50 manat olan adsız istiqrazları Bakı və regionlardakı 30 satış məntəqəsində əldə etmək olar. Onları əldə edəndə oyuna qədər ilk 15 gündə bank alıcıdan 0,5 manat (1 faiz), ikinci 15 gündə 1 manat, son 15 gündə 1,5 manat komisyon pulu tutacaq.
Qaytarılıcağı təqdirdə istiqrazların gəlirliliyi illik 2 faizlə hesablanacaq.
İstiqrazların emissiya həcmi 10 milyon manatdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: