Moody’s Kapital Bankın reytinqlərini təsdiqləyib
15 Mart 2011 Çərşənbə Axşamı 18:05
Bankın uzunmüddətli reytinq proqnozu “Stabil” göstərilib
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinqlərini təsdiqləyib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, agentlik bankın maliyyə dəstəyi reytinqini E+, yerli və xarici valyutada olan depozitlərin uzunmüddətli və qısamüddətli reytinqlərini B1/NP səviyyəsində təsdiq edib. Bankın uzunmüddətli reytinq proqnozu isə “Stabil” göstərilib.
“Moody’s” 2009-cu ildən başlayaraq “Kapital Bank”ın balans göstəricilərinin yüksəldiyini qeyd edir. Bildirilir ki, aktivlərinin və kredit portfelinin həcminə görə “Kapital Bank” hazırda Azərbaycanın ən aparıcı banklarından biridir.
Bank ölkədə ən böyük filial şəbəkəsinə və müştəri bazasına malikdir. Müxtəlif bank əməliyyatlarının əhəmiyyətli hissəsi məhz “Kapital Bank” vasitəsilə həyata keçirilir. Azərbaycanda icra edilən geniş həcmli layihələrin, xüsusilə infrastruktur layihələrinin maliyyələşdirilməsində də “Kapital Bank” yaxından iştirak edir.
DOSTLARINLA PAYLAŞ: