Milyarderlərin yeni reytinqi
12 Mart 2009 Cümə Axşamı 14:30
Məşhur «Forbes» jurnalının hesablamalarına görə, dünyanın ən zəngin insanların maliyyə böhranı nəticəsində üzləşdiyi itkilərin məcmu həcmi 2 trln. ABŞ dolları təşkil edib.
Bu gün 23-cü dəfə varlıların qlobal illik reytinqini açıqlayan jurnal (www.forbes.com), var-dövləti milyardlarla ölçülən iş adamlarının sayının 30% azalaraq 793 nəfərə düşdüyünü vurğulayır.
Biznes dairələrində və maliyyə bazarları iştirakçıları arasında ən populyar nəşr sayılan «Forbes» bu siyahıya bir azərbaycanlı iş adamının adını daxil edib. Belə ki, Rusiyanın ən varlı insanları arasında üçüncü, ümumi reytinqdə isə 57-ci yeri «LUKoil» neft şirkətinin prezidenti Vahid Ələkbərov tutub. Ona məxsus aktivlərin dəyəri jurnalın ehtimallarına görə 7,8 mlrd. dollar təşkil edir. Həmyerlimiz Rusiya milyarderləri arasında yalnız «ONEKSİM»in prezidenti Mixail Proxorova və İngiltərənin məşhur futbol klubunun sahibi Roman Abramoviçdən «kasıbdır».
Maraqlıdır ki, son bir ildə V.Ələkbərovun itkiləri 5,2 mlrd. dollara bərabər olsa da, onun reytinqdəki mövqeyi yalnız bir pillə zəifləyib. Buna baxmayaraq, reytinqdə ötən il ilə müqayisədə ciddi dəyişikliklər baş verib. Belə ki, ilk pilləyə yenidən «Mikrosoft» Korporasiyasının sahibi Bil Geyts yiyələnib, ondan sonrakı yerlərdə isə dünyanın ötən ilki ən varlı insanı amerikalı Uorren Baffet və meksikalı milyarder Karlos Slim Elu tutub. İlk üçlükdə yer alan iş adamlarının aktivləri müvafiq olaraq 40 mlrd., 37 mlrd. və 35 mlrd. dollar həcmində qiymətləndirilir.
DOSTLARINLA PAYLAŞ: