Migom Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir
29 İyul 2011 Cümə 15:30
Bu ilin aprel ayından Azərbaycanda fəaliyyətini bərpa edən «Migom» pul köçürmələri sistemi ölkə bankları ilə əməkdaşlığı yenidən canlandırmağa çalışır.
«APA-ECONOMICS»un məlumatına görə, bu məqsədlə şirkətin rəhbərliyi bu gün Bakıda ölkə banklarının nümayəndələri ilə görüş keçirib.
«Migom»un pul köçürmələri departamentinin direktoru Azad Taktarov bildirib ki, 2010-cu ildə fəaliyyətini dayandıranda sistem ölkənin 34 bankı ilə əməkdaşlıq edirdi, ödəmə məntəqələrinin sayı isə 900 idi: “Hazırda 8-10 bankla əməkdaşlıq edirik ki, bunlardan da yalnız 4-ü ilə əməkdaşlıq tam bərpa olunub, ödəmə məntəqələrinin sayı isə 200-ə düşüb”.
Qeyd edək ki, fəaliyyətini dayandırana qədər Rusiya ilə Azərbaycan arasında pul köçürmələrinin 25%-i «Migom» şirkətinin payına düşüb. 2008-ci ildə «Migom»un xətti ilə 250 mln. dollar, 2009-cu ildə 200 mln., 2010-cu ilin ilk 5 ayında isə (fəaliyyətini dayandırana qədər) 80 mln. dollar həcmində pul köçürmələri edib.
Aprel aynıdan etibarən fəaliyyətini bərpa edən şirkət ikinci rüb ərzində (aprel-iyun ayları) 6 mln. dollarlıq pul köçürmələri həyata keçirib. A.Taktarovun proqnozlarına görə, artıq 3-cü rübdə şirkətin həyata keçirdiyi pul köçürmələrinin həcmi 15-17 mln. dollara çata bilər. APA
DOSTLARINLA PAYLAŞ: