Mərkəzi Bank uçot dərəcəsini 3%-ə çatdırdı
30 Oktyabr 2010 Şənbə 01:55
Mərkəzi Bank bu addımı atarkən son 9 ayda başlıca makroiqtisadi indikatorların dinamikasını nəzərə alıb.
Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin və maliyyə stabilliyinin qorunmasına yönəldilmiş siyasəti davam etdirir. 2010-cu ilin ötən dövründə qlobal iqtisadi artımın tədricən bərpası, ölkənin tədiyə balansının profisitinin və valyuta ehtiyatlarının əhəmiyyətli artması, pul kütləsinin xarici və daxili mənbələrinin genişlənməsi müşahidə olunub. Beləliklə, qlobal iqtisadi böhranın milli iqtisadiyyata neqativ təsirlərinin aktiv dövrü geridə qalıb. Dövr ərzində ölkə iqtisadiyyatında artım prosesləri davam edib, məcmu tələbin fiskal və digər kanallarının tədricən genişlənməsi iqtisadi aktivliyi dəstəkləyib.
Son 9 ayda başlıca makroiqtisadi indikatorların dinamikasını və gözləntiləri nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini dəyişərək 2010-cu ilin noyabr ayının 1-dən etibarən 3% səviyyəsində müəyyən edib.
Eyni zamanda pul kütləsinin artımının xarici monetar amillərinin tənzimlənməsi məqsədilə bank sektorunun xarici öhdəliklərinin 0.5% səviyyəsində məcburi ehtiyata cəlb edilməsi qərara alınıb.
Xatırladaq ki, Mərkəzi Bank ötən ilin mayında uçot dərəcəsini 2%-ə salmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: