Mərkəzi Bank qızıl xatirə sikkəsi buraxacaq
04 Fevral 2011 Cümə 15:50
Bu sikkə Azərbaycan dövlət müstəqilliyin bərpasının 20-ci ildönümünə həsr olunacaq
Azərbaycan Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq qızıl xatirə sikkəsi buraxılacaq. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sikkənin buraxılması ölkə başçısının “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamına əsasən həyata keçiriləcək.
Bununla bağlı xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən 10 mart 2011-ci il tarixinədək ölkədaxili müsabiqə keçiriləcək, qalibə 2000 manat məbləğində pul mükafatı veriləcək.
Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq, qalib gəlmiş eskiz əsasında qızıl xatirə sikkəsinin dizaynı hazırlanacaq.
DOSTLARINLA PAYLAŞ: