Mərkəzi Bank jurnalistlər üçün treninqlərə başlayır
08 İyun 2011 Çərşənbə 17:32
Mərkəzi Bank jurnalistlər üçün treninqlərə başlayır. Məqsəd jurnalistlərin iqtisadiyyat, maliyyə, bank işi sahəsində biliklərinin artırılmasına yardım etməkdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı qəbul etdiyi Kommunikasiya strategiyası çərçivəsində jurnalistlər üçün “Mərkəzi Bankçılıq” mövzusunda treninqlərə başlayır. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iki ay davam edəcək treninqlərin keçirilməsinin əsas məqsədi jurnalistlərin iqtisadiyyat, maliyyə, bank işi sahəsində biliklərinin artırılmasına yardım etməkdir.
On sessiyadan ibarət treninqlərdə media nümayəndələrinə pul-kredit siyasəti, bank nəzarəti kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında ətraflı məlumat veriləcək və hər treninqin sonunda sual-cavab sessiyası təşkil ediləcək.
İlk treninqi giriş sözü ilə açan Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin İnkişaf departamentinin direktoru Asif Cahangirov iştirakçıları salamlayaraq qeyd etdi ki, treninqdə Mərkəzi Bankın Azərbaycan iqtisadiyyatındakı rolu barədə məlumat verilməklə yanaşı KİV nümayəndələri başlıca makroiqtisadi və monetar terminlər, makroiqtisadi diaqnostika sistemi, pul siyasətinin məqsədləri və çərçivəsi, ödəniş sisteminin iqtisadi rolu, Mərkəzi Bankın kommunikasiya strategiyası haqqında da məlumatlar əldə etmək imkanı qazanacaqlar.
Açılışda Kommunikasiya departamentinin direktoru Rüfət Abbasov da çıxış edərək bildirdi ki, iqtisadi sahədə yazan jurnalistlərin bank-maliyyə işi barədə biliklərinin artırılması nəinki Mərkəzi Bank, ümumilikdə Azərbaycan iqtisadiyyatı haqqında materialların daha peşəkar hazırlanmasında media mənsublarına kömək edəcək.
Treninqlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: