Mərkəzi Bank Çin Xalq Bankı ilə əməkdaşlıq edəcək
01 İyun 2010 Çərşənbə Axşamı 13:05
Elman Rüstəmovun Çin Xalq Bankının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Çin Xalq Respublikasının mərkəzi bankı olan Çin Xalq Bankının (ÇXB) sədri Çjou Syaoçuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın və Çin Xalq Respublikasının bank sektorları arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu, qlobal maliyyə böhranının nəticələri və postkrizis dövrünün vəzifələri ətrafında fikir mübadiləsi aparıldığı görüşdə Çin Xalq Bankının sədri Çjou Syaoçuan Çinin maliyyə sektorundakı islahatlar və davam edən makroiqtisadi stimul meyarları barədə məlumat verdi.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Çjou Syaoçuan hər iki ölkənin bank sektorları arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikirlərini də bölüşüb.
Azərbaycan Mərkəzi Bankının sədri E. Rüstəmov öz növbəsində Azərbaycan iqtisadiyyatının, o cümlədən bank sektorunun cari vəziyyəti, ölkədə həyata keçirilmiş antikrizis tədbirləri, onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlığın əsas faktorları barədə məlumat verib. E. Rüstəmov hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın hər iki tərəf üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Azərbaycan Mərkəzi Bankı ilə Çin Xalq Bankı arasında pul-məzənnə siyasəti, bank nəzarəti sahəsində, ixracın stimullaşdırılmasında Mərkəzi Bankın rolu, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi kimi məsələlər üzrə perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Makroiqtisadi tənzimləmədə, xüsusən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında mühüm rol oynayan məzənnə siyasəti ətrafında müzakirələr aparılıb və hər iki ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına və stabil milli valyutalara malik olmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsində yaxşı zəmin yaratdığı qeyd olunub.
Görüşün yekununda vurğulanıb ki, müzakirə edilən məsələlər ətrafında səmərəli əməkdaşlığın qurulması üçün qarşılıqlı səfərlər yolu ilə təcrübə mübadiləsi genişləndirilsin. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: