Mayın 25-də duz zavodunun açılışı olacaq
21 May 2010 Cümə 16:10
Mayın 25-də duz zavodunun açılışı olacaq. Açılış mərasimində prezident İlham Əliyevin iştirak edəcəyi gözlənilir.
Yodlaşdırılmış və saflaşdırılmış xörək duzu istehsal edən zavodun 25 mayda işə düşəcəyi gözlənilir. "Azersun holding" şirkətlər qrupu ilə Azərbaycan İnvestisiya Şirkəti ASC-nin (AİŞ) iştirakı ilə 7 hektar sahədə tikilən yeni zavod əhalinin xörək duzuna olan ehtiyacını ödəyəcək.
Xörək duzuna illik tələbat 25 min tondur. Bu gün tələb yerli istehsalçıların, Ukrayna, Türkiyə və Rusiya tədarükçülərinin hesabına təmin edilir.
Masazır qəsəbəsində yerləşən zavod Masazır gölündən çıxarılan duzdan istifadə edəcək. Sonra Türkmənistandan da xammal gətiriləcək. Zavod gündə 200 ton, ildə 30 min ton yodlaşdırılmış duz istehsal edə biləcək.
Zavodun tikintisinə 7 milyon avro qoyulub. “Azersun Holding” və AİŞ-in bu məqsədlə yaradılan Duz emalı üzrə Azərbaycan İstehsalat Birliyində payı 75 faiz və 25 faizdir.
Qeyd edək ki, müəssisənin avadanlığı İsveçrədən (“Euroterm” şirkəti) gətirilib. Tikinti işlərinin podratçısı Türkiyənin “Inova” şirkətidir. Zavodun açılış mərasimində prezident İlham Əliyevin iştirakı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: