Manatın ucuzlaşması gözlənilmir
12 Avqust 2009 Çərşənbə 11:40
İqtisadçılar ilin sonuna qədər ölkədə inflasiyanın o qədər də böyük olmayacağını proqnozlaşdırırlar

 

Son aylar Azərbaycan manatının dünyanın əsas valyutalarına nisbətdə ucuzlaşdığı müşahidə olunur. Belə ki, hesablamalara görə, 2009-cu ilin yanvar ayı ilə müqayisədə avqust ayında manat ABŞ dollarına nisbətən 0,4%, avroya nisbətdə 1,3%, Britaniya funt sterlinqinə nisbətdə isə 14,4% ucuzlaşıb. İlin əvvəlində manatın dollara olan məzənnəsi 0,8015 olduğu halda, hazırda bu rəqəm 0,8043-ə qalxıb.

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Əli Məsimli ANS PRESS-ə bu məsələ ilə bağlı verdiyi açıqlamasında bildirib ki, yaxın zamanlarda manat gücdən düşməyəcək. Onun sözlərinə görə, manat hətta ən ağır anlarında belə, Ermənistan dramı və Qazaxıstan tənqəsi gücdən düşdüyü halda, manat öz nisbətini saxlaya bilib: «Həmin mərhələlər artıq geridə qalıb və ən azı bu ilin sonuna qədər manatın inflasiyaya uğraması ehtimalı yoxdur».
İqtisadçının fikrincə, manatın qalxması da, düşməsi də dövlətimiz üçün ziyanlı ola bilər. Bu səbəbdən də hökumət manatın nə bahalaşmasına, nə də ki, ucuzlaşmasına imkan verməməlidir: «Çünki hər iki hal əhalinin yaşayış səviyyəsinə, alıcılıq qabiliyyətinə kəskin təsir göstərə bilər».

İqtisadçı Rövşən Ağayev də bu fikirdədir. Onun ANS PRESS-ə verdiyi məlumata görə, yanvar ayı ilə müqayisədə avqust ayında manat dollara nisbətən 0,4%, avroya nisbətdə 1,3% ucuzlaşıb. Ekspertin fikrincə, bu «xəfif devolivasiya»dır və bunu ümumiyyətlə ucuzlaşma adlandırmaq da mümkün deyil. R.Ağayev də bu ilin sonuna qədər manatın məzənnəsində ciddi ucuzlaşmanın olacağına inanmır: «Bu qədər neft gəlirlərinin qarşısında, mən ciddi bir ucuzlaşmanı ehtimal etmirəm».
Manatın qiymətinin ucuzlaşdığı halda, minimin əməkhaqqının və ya pensiyalarının qiymətinin nə qədər artacağına gəldikdə isə, ekspert bunun üçün ilk öncə hökumətin bununla bağlı büdcə siyasətinə yenidən baxmalı olacağını vurğuladı: «Bunun üçün hökumət büdcənin sosial-müdafiə xərclərinə yenidən baxmalıdır. Bir müddət əvvəl də hökumət bu məsələ ilə bağlı dəyişikliklərə getməli idi, amma getmədi. Düşünürəm ki, bu ilin büdcəsində sosial müdafiə xərclərində artımın olacağını da gözləmirəm. Bu səbəbdən də hökumət çalışacaq ki, manatın ucuzlaşması ilə bağlı olan məsələdə vəziyyəti dəyişməz saxlasın».

Aqşin Rafiqoğlu/ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar