Manatın sabitliyinin sirri nədədir?
15 Avqust 2011 Bazar Ertəsi 19:31
Mütəxəssislərin fikrincə, Azərbaycan valyutası bu gün ən dəyərli dövrünü yaşayır
Azərbaycan milli valyutası - manatın dövriyyəyə buraxılmasından 19 il ötür. Azərbaycan manatı bu gün ən dəyərli dövrünü yaşayır. Mütəxəssislərin fikrincə, dolların manata nisbətən ucuzlaşması dünya valyuta bazarlarında baş verən proseslərlə də əlaqəlidir. Hazırda dünya ölkələrinin çoxunda Amerika valyutası qiymətdən düşür. Manatın möhkəmlənməsi idxal məhsullarının bahalaşmasının qarşısını almaqla inflyasiya təzyiqlərini zəiflədir. Amma belə proses ölkənin ixrac imkanlarını azaldır. Bununla belə, manatın dəyərinin artması milli valyutaya inamı da yüksəldir. Azərbaycan bankları kreditləri manatla yatırmaqda maraqlıdır.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, insanlarda manata inam möhkəmlənib. Onun sözlərinə görə, manat özünü daha çox qlobal böhran dövründə göstərib. “Çünki 2008-ci ilin sonunda başlayan iqtisadi böhran Azərbaycana təsir etdi. Rusiya, Qazaxıstan, Ermənistan, Gürcüstan öz milli valyutalarını ucuzlaşdırmaq siyasətini yürütdülər. Azərbaycanda da milli valyutanın ucuzlaşması gündəmə gəldi. Bu, həyata keçmədi və manat sabitliyini qorudu”.

Azərbaycanda iqtisadi artım başladığını deyən ekspertin sözlərinə görə, bundan sonra insanlarda milli valyutaya inam artıb: “Xarici valyutalara inamın azalması da rol oynayır. Dollar və avro məzənnələrində baş verən qeyri-sabitlik nəticəsində insanların bu valyutaya inamı azaldı. İnsanların manata inamı təmin olunub. Bank sektoruna diqqət yetirsək, əmanət qoyuluşunda manatın payı artıb: 35 faizdən 40-45 faizədək artıb. Manatın payı 60 faizdən yüksəkdir. Əhali əmanəti milli valyutalarda qoymağa üstünlük verir. Banklara da kreditləri manatla vermək maraqlıdır. Manat özünü etibarlı valyuta olaraq təsdiq edib”.

Bu gün manatın bahalaşması tendensiyasının getdiyini deyən ekspert qeyd edib ki, Mərkəzi Bank indi manatın məzənnəsinin saxlanması siyasətini yürüdür. Onun sözlərinə görə, manatın bahalaşması 2 səbəblə bağlıdır. “Birinci, ölkəyə neft dollarlarının gəlməsidir - dollar bolluğu yaranıb. İkincisi, dolların ucuzlaşamasıdır. Amerika iqtisadiyyatının borc problemi və büdcə kəsiri olduğundan növbəti dəfə - 3-cü dəfə pul çapını həyata keçirəcəyi gözlənir. Bu isə yenidən dolların ucuzlaşmasına səbəb olduğundan manatın məzənnəsinin möhkəmlənəcəyi gözlənilir», - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Azərbaycan bankları kreditləri də manatla yatırmaqda maraqlıdır. İndiyədək verilmiş bütün kreditlərin 69,4 faizi milli valyuta ilə ayrılıb. Manatla yatırılan əmanətlərin payı isə 46 faiz təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar