Maliyyə naziri kollegiya iclası keçirib
01 Dekabr 2010 Çərşənbə 14:25
Maliyyə Nazirliyində 2011-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılıb
Bu gün Maliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanunun təsdiqi, eyni zamanda bu qanunun tətbiq edilməsi barədə Azərbaycan prezidentinin Fərmanı ilə Maliyə Nazirliyinin qarşısında duran vəzifələr müzakirə edilib.
Maliyyə naziri Samir Şərifov “2011-ci il dövlət büdcəsi haqqında” Qanunun və bu qanunun tətbiqi ilə bağlı prezident Fərmanı ilə Nazirliyin qarşısında duran vəzifələr barədə danışaraq bu vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib. Nazir bildirib ki, 2011-ci il dövlət büdcəsi özünün prioritet istiqamətləri və strukturuna görə əvvəlki illərin büdcələrindən müsbət istiqamətdə fərqlənməklə bütün makroiqtisadi hədəflərin gücləndirilməsinə əhəmiyyətli dərəcədə baza yaradır. O, nazirliyin müvafiq şöbələrinin və strukturuna daxil olan digər qurumların görəcəkləri işlərin bölgüsünü özündə əks etdirən “Tədbirlər Planı”nın hazırlanmasını vacib hesab edib.
Müzakirələr zamanı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bir sıra normativ sənədlərin hazırlanmasına başlanılması, ilk növbədə təsdiq olunmuş dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclərin bölgüsünün bir ay müddətində büdcə təşkilatlarına çatdırılması da qeyd olunub.
Nazir bildirib ki, son illər dövlət büdcəsinin layihəsi ilə yanaşı, qarşıdakı üç il üçün əsas büdcə parametrləri də tərtib olunub müvafiq icra hakimiyyəti və qanunvericilik orqanlarına təqdim olunurdu. Artıq Maliyə Nazirliyinin həm potensialı, həm də madii-texniki bazası imkan verir ki, növbəti büdcə ilinin layihəsi ilə yanaşı, sonrakı üç il üçün də büdcə təsnifatının bütün parametrləri səviyyəsində ölkənin ali maliyyə sənədi tam təkmil formada hazırlasın. Bununla bağlı nazirliyin ayrı-ayrı inkişaf etmiş ölkələrin təcrübəsi ilə yaxından tanış olduğu bildirilib və bu təcrübənin növbəti illərdə də davam etdirilməsi barədə tapşırıqlar verib.
Kollegiyada eyni zamanda, Maliyyə Nazirliyi Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminin modernləşdirilməsi, respublikada sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin sığorta bazarında tətbiqi və Maliyyə Nazirliyi sistemində dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, dövlət qulluqçularının peşə hazırlığının daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
DOSTLARINLA PAYLAŞ: