Londonda I Azərbaycan İnvestisiya Sammiti keçirilir
08 Dekabr 2009 Çərşənbə Axşamı 16:55
Bu gün Londonda I Azərbaycan Beynəlxalq İnvestisiya Sammiti işə başlayıb.
«APA-ECONOMICS»in məlumatına görə, konfransın ilk sessiyasına sədrlik edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bu toplantının Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb. «Bizim ölkələrimiz arasında əlaqələrin olduqca böyük tarixi var. Azərbaycanın neft sektoru britaniyalı investorlara çox yaxşı tanışdır», - deyə ARDNŞ rəsmisi bildirib.

E.Nəsirov Azərbaycan iqtisadiyyatı, o cümlədən neft-qaz sektorunun inkişaf tarixi haqqında qısa məlumat verib. ARDNŞ-nin vitse-prezidenti qeyd edib ki, dünya tarixində ilk dəfə quruda və dənizdə neft hasilatına başlayan, ilk neft tankeri inşa edən məhz Azərbaycan olub və sahənin inkişaf etdirilməsi istiqamətində görülən bu işlər artıq 161 ildir davam edir: “Belə bir uzunmüddətli hasilat dövrünə baxmayaraq, neft-qaz sektoruna əsaslanan Azərbaycan iqtisadiyyatı hələ də ciddi inkişaf templəri nümayiş etdirir”.

Daha sonra sammitdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov dekabrın 8-9-da keçirilən bu konfransın ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli təkan verəcəyinə əminliyini vurğulayıb. «Bu gün Böyük Britaniya Azərbaycan iqtisadiyyatının əsas xarici investorlarından biridir. Sərmayələr neft-qaz sektoru ilə yanaşı, ölkənin qeyri-neft sektoru, o cümlədən maliyyə, konsaltinq, İKT, təhsil və digər sahələrinə yönəldilir», - deyə səfir bildirib.

F.Qurbanov bu il Böyük Britaniyada Azərbaycan mədəniyyətinə həsr olunmuş 100 günlük tədbirin keçirildiyini vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyevin bu ilin yayında Londona rəsmi səfər etdiyini xatırladan səfir bu cür səfərlərin ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verdiyini qeyd edib.

Azərbaycanın 18 il öncə müstəqilliyini bərpa etdiyini xatırladan F.Qurbanov yeniyetmə dövlət üçün hazırkı mürəkkəb iqtisadi şəraitdə inkişaf templərini yüksək səviyyədə saxlamağın çətin olduğunu vurğulayıb: «Buna baxmayaraq, son beş il ərzində Azərbaycan iqtisadiyyatı təxminən 5 dəfə genişlənib. Hazırda Azərbaycan region dövlətləri arasında cəlb edilən birbaşa xarici investisiyaların adambaşına düşən həcminə görə liderdir», - deyə səfir vurğulayıb.

Bununla yanaşı, F.Qurbanov iqtisadiyyatda, xüsusən də hasilat sənayesində yüksək şəffaflığın təmin olunduğunu qeyd edib.

Sammitdə iştirak edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, açıq rəqabətin təmin edilməsi istiqamətində aparılan dövlət siyasətindən danışıb. S.Həsənova bildirib ki, bu yaxınlarda xüsusi iqtisadi zonalar haqqında qanun qəbul olunub, ötən illər ərzində 39 ölkə ilə qarşılıqlı sərmayələrin qorunması, 38 ölkə ilə ikili vergitutmanın qarşısının alınmasına dair sazişlər imzalanıb. Azərbaycan iqtisadiyyatına ümumilikdə 52 mlrd. ABŞ dolları həcmində xarici sərmayə yatırılıb və bunun 11 mlrd. dolları 2008-ci ilin payına düşür.

«Azərbaycanda biznesin təşkili sistemi maksimum sadələşdirilib və hazırda biznesin qeydiyyatdan keçirilməsi proseduru 3 gün vaxt tələb edir. Həmçinin Azərbaycan iqtisadiyyatı artıq 2005-ci ildə 1998-ci ilin maliyyə böhranının təsirindən tam bərpa olunub. Son beş ildə milli iqtisadiyyat 5 dəfə artıb və ÜDM-in artım tempinə görə ölkəmiz dünya lideridir. Yoxsulluğun səviyyəsi son beş ildə 3 dəfədən çox azalaraq 13%-ə çatıb», - deyə S.Həsənova bildirib.

Nazir müavini əlavə edib ki, Azərbaycan hazırda davam edən dünya maliyyə böhranından ən az zərər çəkmiş dövlətlər sırasındadır, strateji valyuta ehtiyatları artmaqda davam edir və artıq 19 mlrd. dollara çatıb, məcmu öhdəliklər isə cəmi 3,3 mlrd. dollara bərabərdir.

Daha sonra tədbirdə Azərbaycan Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mehman Abbasov, Azpromo-nun prezidenti Adil Məmmədov, digər dövlət qurumlarının və təşkilatların rəsmi nümayəndələri çıxış edərək, toplantı iştirakçılarına ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində mövcud vəziyyət, inkişaf və əməkdaşlıq perspektivləri haqqında ətraflı məlumat veriblər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar