Kulevi terminalı "Tengiz" neftini qəbul etməyə başlayıb
20 May 2010 Cümə Axşamı 17:40
Bu, terminalın inkişafında növbəti mərhələnin başlanılması kimi qiymətləndirilir.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı Kulevi Terminalında xam neft nəqlinə start verilib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, terminalın inkişafında növbəti mərhələnin başlanması kimi qiymətləndirilir.

Kulevi Terminalına daxil olan məhsul Qazaxıstanın "Tengiz" yatağından hasil edilib. ARDNŞ-in vahid biznes strategiyasının inkişafı istiqamətlərinə düzgün yanaşması və terminalın apardığı əməliyyatlarda beynəlxalq standartlara riayət olunması “Tengizşevroyl”un diqqətini cəlb edib. Xəzər dənizi hövzəsindəki mühüm xam neft istehsalçılarından olan “Tengizşevroyl” istər Qazaxıstanda, istərsə də bu ölkənin hüdudlarından kənarda istifadə olunan yüksək keyfiyyətli 4 növ məhsul istehsal edir.

Hazırda Gürcüstan və Azərbaycan dəmiryollarının dəstəyi nəticəsində nəqletmə əməliyyatları maneəsiz həyata keçirilir. Son illər Kulevi terminalında yük dövriyyəsinin 3 dəfəyədək artması təkcə Azərbaycana deyil, eyni zamanda region ölkələrinə də yüksək mənfəət gətirir.

Qeyd edək ki, terminalın rezervuar parkının ümumi həcmi 320 min, yanalma körpülərinin ötürmə qabiliyyəti saatda 8000-12000 min kubmetrdir. Terminalın dəmiryol estakadalarında eyni zamanda 168 sistern-vaqonun boşaldılması mümkündür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar