Kapital Bank beynəlxalq sammitdə təmsil olunub
19 Fevral 2011 Şənbə 11:23
Bank Dubayda keçirilən Beynəlxalq Kartlar və Ödənişlər üzrə II illik sammitdə iştirak edib
“Kapital Bank” fevralın 14-16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Beynəlxalq Kartlar və Ödənişlər üzrə II illik sammitdə öz nümayəndəsi ilə təmsil olunub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Fleming Gulf FZE” şirkəti tərəfindən təşkil edilmiş sammitdə ödəniş sahəsində tətbiq olunan yeni texnologiyalar, biznes strategiyaları ilə bağlı təqdimatlar keçirilib.

Dünyanın müxtəlif ölkələrinin bank-maliyyə qurumlarını təmsil edən iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb. Tədbirdə ödəniş prosesində mobil rabitənin imkanlarından istifadə, pul köçürmələri zamanı mümkün maliyyə cinayəti hallarının qarşısının alınması və s. bu kimi məsələlərə də diqqət yönəlib.

“Kapital Bank” “MasterCard İnternational” və “VİSA İnternational” beynəlxalq ödəniş sistemlərinin tamhüquqlu üzvüdür. Bank müştərilərinə plastik kartların ən müxtəlif çeşidlərini təklif edir. “Kapital Bank”ın aktiv plastik kartlarının sayı 2010-cu ildə 2 milyonu ötüb. Bank özünün prossesinq sistemini yaradıb və riteyl seqmentinin inkişafını nəzərdə tutan tədbirləri ardıcıl olaraq davam etdirir. Bu baxımdan dünyanın nüfuzlu bankları ilə təcrübə mübadiləsinin aparılması, riteyl sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin getdikcə artırılması bank üçün mühüm əhəmiyyətə malikdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar