Kadastr sahəsində elektron xidmət göstəriləcək
11 İyul 2011 Bazar Ertəsi 21:02
Kadastr sahəsində elektron xidmət göstəriləcək. Bunun üçün informasiya bazası yaradılır.
Gəncədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) və Almaniyanın KfW Bankının cəlb etdiyi ekspertlərin iştirakı ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icra vəziyyətinə dair seminar keçirilib. Seminar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydalarının təsdiq edilməsi haqqında” 2010-cu il 27 iyul tarixli Fərmanının icrası çərçivəsində təşkil olunub.
Seminar Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında “Maliyyə əməkdaşlığı haqqında” Sazişə əsasən, ƏMDK ilə Almaniyanın KfW Bankı arasında bağlanan müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icrasına həsr edilib.
Layihənin əsas məqsədlərindən biri torpaq sahələri və daşınmaz əmlakdan daha səmərəli istifadə edilməsi məqsədilə Gəncə şəhərinin mükəmməl rəqəmsal kadastr xəritələrinin yaradılmasıdır. Bu layihənin həyata keçirilməsi nəticəsində Gəncədə əmlak idarəçiliyinin, şəhər planlaşdırılmasının və inkişafının təkmilləşdirilməsinə, torpaq sahələri və daşınmaz əmlak obyektlərindən daha səmərəli istifadə edilməsinə əlverişli şərait yaradılacaq.
Gəncədə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icrasına cari ilin iyun ayından başlanılıb. Bu məqsədlə ilk olaraq Almaniyanın GCİ məsləhətçi şirkətinin GİS, GPS, habelə daşınmaz əmlakın kadastrı texnologiyaları üzrə ekspertləri və özəl şirkət tərəfindən yerli mütəxəssislərə treninqlər keçirilib. Artıq Gəncə şəhəri üzrə seçilən pilot ərazidə bina, tikili və torpaq sahələrinin ölçmə işlərinin aparılması həyata keçirilir. Ölçmə işlərində layihə çərçivəsində alınan xüsusi proqram təminatı olan müasir geodezik cihazlardan və alətlərdən istifadə olunur.
Layihə çərçivəsində hazırlanacaq rəqəmsal kadastr xəritələri Gəncədə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı əhaliyə göstərilən xidmətin əsaslı şəkildə yaxşılaşdırılması, informasiya bazasının formalaşması, bu sahədə şəffaflığın və çevikliyin daha da artırılması istiqamətində mühüm vasitə olacaq. Hazırlanan rəqəmsal kadastr xəritəsindən istifadə əmlak bazarında münasibətlər dövriyyəsində vaxt itkisinin qarşısını alacaq. Bununla yanaşı, özəl torpaq sahiblərinin, bələdiyyələrin əmlaka dair məlumat bazası və kadastr xəritələri tamamilə yeniləşdiriləcək. Onların mütəmadi tənzimlənməsi üçün sistematik yanaşmalardan istifadə ediləcək.
Qeyd edək ki, layihə nəticəsində əldə edilən məlumatlar regionda dövlət və bələdiyyələr tərəfindən daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin inzibatçılığı və idarə edilməsi istiqamətində əlverişli mexanizmlər yaradacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: