Jaklin Kennedi “açdı sandığı, tökdü pambığı”
15 Sentyabr 2011 Cümə Axşamı 12:19
ABŞ-da Con Kennedinin həyat yoldaşının müsahibəsi əks olunan kitab işıq üzü görüb
ABŞ-ın sabiq prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennedinin 1963-cü ildə, ərinin qətlə yetirilməsindən 4 ay sonra verdiyi müsahibə dərc olunub. AN SPRESS-in məlumatına görə, Jaklin həmin vaxt ABŞ dövlət başçısının köməkçisi Artur Şlezinqerə 8 saat ərzində müsahibə veribmiş.

Keçmiş birinci xanım həmin vaxt öz xatirələrini yalnız bir şərtlə açıqlayıb. Müsahibə onun ölümündən bir neçə il sonra dərc olunmalı idi. Xatırladaq ki, ABŞ-ın keçmiş prezidentinin dul xanımı 1994-cü ildə vəfat edib.

İndi isə Jaklin Kennedinin müsahibəsi əks olunmuş kitab işıq üzü görüb. Kitab çap olunanadək orada əks olunan materiallar mübahisə obyekti olub. Belə ki, Con Kennedinin qızı Kerolayn kitabın motivləri əsasında “History Channel” telekanalında “Kennedilər ailəsi” adlı serialın çəkilməsinə razırlıq versə də sonradan bu kanalı Kennedinin adını ləkəməkdə ittiham edərək özündə olan audioyazıları digər kanala- ABC-yə təqdim etmişdi. ABC telekanalı isə kitabın çapına bir həftə qalmış audioyazını hissə-hissə efirə vermişdi.

Müsahibənin məğzinə gəldikdə isə Jaklin Kennedi burada bir sıra narazılıq doğuracaq ifadələr işlədib. ABŞ dövlət başçısının köməkçisi, tarixçi Artur Şlezinqerlə 8 saatlıq müsahibədə Jaklin o vaxtlar Fransa prezidenti olmuş Şarl De Qollun onun qəhrəmanı olduğunu bildirib. Ancaq Jaklinin Con Kennedi ilə evləndikdən sonra Fransa liderinə olan münasibəti tamamilə dəyişib. “Mən onunla 1961-ci ilin mayında görüşərkən başa düşdüm ki, De Qoll eqoistdir”, - deyə Jaklin Kennedi bildirib.

Con Kennedinin həyat yoldaşının sonra səsləndirdiyi fikirlər isə xüsusilə mübahisəlidir. J. Kennedi fransızlara nifrət etdiyini və onların pis, eqoist insanlar olduğunu qeyd edir. ABŞ-ın sabiq birinci xanımının fransızlara qarşı nifrəti onun Sarbon Universitetini bitirməsi və fransız dilində sərbəst danışmasına baxmayaraq formalaşmışdı.

Qeyd edək ki, De Qoll Jaklin Kennedidə nifrət oyadan yeganə dünya lideri deyildi. Mərhum Con Kennedinin həyat yoldaşı İndira Qandini “özünü naza qoyan, həyasız, dəhşətli qadın” kimi xarakterizə edib. O, bundan başqa ABŞ-ın 36-cı prezidenti Lindon Cons və məşhur hüquq müdafiəçisi Martin Lüter Kinqi də tənqid edib. Jaklin Kennedi müsahibəsində Martin Lüter Kinqi fırıldaqçı adlandırmaqdan da çəkinməyib.

Jaklin Kennedi öz “iti dili” ilə yanaşı qoçaqlığı ilə də məşhur idi. O, 1962-ci ildə “Karib böhranı” zamanı əksər məmurların həyat yoldaşları ölkəni tərk etməyə hazırlaşdıqları bir vaxtda Con Kennedinin yanından ayrılmayaraq ərinə məşhur sözlərini söyləmişdi: “Əgər nəsə olsa, biz hamımız burada sənin yanında olacağıq”.

Bununla yanaşı, Jaklin xatırlayıb ki, onun əri özünün mümkün qətli ilə bağlı zarafat da edib. Kennedi əsasən Prinston universitetinin alimindən soruşurdu ki, Avram Linkoln öldürülməsəydi, tarixə ABŞ-ın görkəmli prezidenti kimi düşə bilərdimi. Tarixçi isə bu suala yox deyə cavab verirdi və izah edirdi ki, Linkolnun reputasiyası Vətəndaş müharibəsindən sonra ölkədəki bərpa prosesi zamanı zərər çəkəcəkdi.

Karib böhranı həll edildikdən sonra isə, C. Kennedi bəyan edib: "Əgər kimsə məni güllələmək istəyirsə, bunun üçün ən yaxşı vaxt yetişib".
Xatırladaq ki, ABŞ-ın 35-ci prezidenti COn Kennedi 1963-cü ildə noyabrın 23-də Texas ştatının Dallas şəhərində qətlə yetirilib. Qətldə şübhəli bilinənə Li Harvi Osvald həbs edilsə də, iki gün somra polis məntəqəsində yerli sakin tərəfindən güllələnib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar