İstanbul Maliyyə Sammitinə hazırlıqlar yekunlaşır
01 Sentyabr 2010 Çərşənbə 11:40
Cari ilin sentyabr ayının 28-dən 30-dək İstanbulda (Türkiyə) keçiriləcək İstanbul Maliyyə Sammitinə (IFS-2010) hazırlıqlar yekunlaşmaq üzrədir.
Bu barədə «APA-ECONOMICS»ə IFS əlaqə ofisinin İcraiyyə Komitəsindən məlumat verilib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sammitin açılış mərasimində çıxışı gözlənilir. Bununla yanaşı, tədbirdə dövlət naziri Əli Babacanın, maliyyə naziri Mehmet Şimşəyin, Mərkəzi Bankın rəhbəri Durmuş Yılmazın, Sərmayə Bazarı Təşkilatının rəhbəri Vedat Akgirayın, Hindistan Mərkəzi Bankının sədri Subir Gokarnın, Bankçılıq Nəzarət və Tənzimləmə təşkilatının rəhbəri Tevfiq Bilginin, «Doğuş» Şirkətlər Qrupu İdarə Heyətinin sədri Fərid Şahəngin, «Doğan Holding» İdarə Heyətinin sədri Arzuhan Doğan Yalçındağın, İrlandiya Daşınan Qiymətlər Birjasının direktoru Aileen O’Donoghuenin, Meksika Mərkəzi Bankının rəhbəri Augustin Carstensin, Polşa Mərkəzi Bankı İdarə Heyətinin üzvü Zbiqnev Hokubanın və digər tanınmış mütəxəssislərin çıxışları olacaq.

Milli və beynəlxalq arenada öncül maliyyəçilərin qatılacağı «IFS-2010» sahəsində bir ilk olacaq. Sammit 9 fərqli panel iclas ilə reallaşdırılacaq. «IFS-2010» İstanbulun dünya maliyyə mərkəzinə çevrilməsi layihəsi çərçivəsində keçirilən ilk tədbirdir. Sammitdə dünya böhranından sonra maliyyə sektorunda vəziyyətin normallaşdırılması, ticarətin maliyyələşdirilməsi və ixracat kreditlərinin sığortalanması, İslam maliyyəsi, İslam bankçılığı və sərmayə bazarları, enerji və yerli layihələrin maliyyələşdirilməsi, özəl sərmayələr, sərmayə bazarları və alternativ maliyyə qaynaqları və s. mövzularda panel sessiyaların keçirilməsi nəzərdə tutulur.

Məlumatda qeyd olunur ki, «PGlobal» və «Yedi24» Şirkətlər Qrupu tərəfindən təşkil olunan Sammitin strateji tərəfdaşı qismində İstanbul Ticarət Platası, qızıl sponsoru qismində «Finansbank», «Garanti Bankası» və «Unicredit Group» çıxış edir. Zirvəyə Türkiyə Xəzinə Müştəşarlığı, Mərkəzi Bank, Sərmayə Bazarı Təşkilatı, Dövlət Planlama Təşkilatı Müştəşarlığı, Bankçılıq Nəzarət və Tənzimləmə Təşkilatı və «Anadolu» xəbər agentliyi kimi dövlət qurumları rəsmi dəstək verir.

Qeyd edək ki, Azərbaycanın APA İnformasiya Agentliyi «IFS-2010»un rəsmi media tərəfdaşı seçilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar