İqtisadiyyata kredit qoyuluşu 10 faiz artıb
01 Aprel 2011 Cümə 19:41
Martın 1-nə bu rəqəm 9 milyard 152,8 milyon manat təşkil edib.
Bu ilin mart ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9 milyard 152,8 milyon manat təşkil edib. Mərkəzi bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artıb. Kredit qoyuluşlarının 509,4 milyon manatı (5,6 faiz) vaxtı keçmiş kreditlərin payına düşüb.

Kreditlərin 30 faizi və ya 2 milyard 748,3 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 144,2 milyon manat (23,4 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 448,5 milyon manatı (4,9 faiz), sənaye və istehsalın payına isə 685,8 milyon manatı (7,5 faiz) düşüb.

Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 979,7 milyon manatı və ya 10,7 faizi, kənd təsərrüfatı və emalına 439,8 milyon manatı və ya 4,8 faizi, inşaat və əmlak sahəsinə 647,6 milyon manat (7,1 faiz), digər sahələrə isə 43,5 milyon manatı və ya 0,5 faizi yönəldilib.

Bu ilin martın 1-nə kreditlərin 2 milyard 501,4 milyon manatı (27,3 faiz) qısamüddətli, 6 milyard 651,5 milyon manatı (72,7 faiz) isə uzunmüddətli kreditlər olub. Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 941,3 milyon manat (43,1 faiz), özəl banklar tərəfindən 5 milyard 2,7 milyon manat (54,7 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 208,9 milyon manat (2,3 faiz) kredit qoyulub.

Kreditlərin 5 milyard 888,6 milyon manatı və ya 64,3 faizi manatla, 3 milyard 264,2 milyon manatı və ya 35,7 faizi xarici valyuta ilə verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar