İpoteka kreditləşməsi canlanacaq
05 Yanvar 2010 Çərşənbə Axşamı 17:40
İpoteka kreditləşməsi canlanacaq. Azərbaycanda tikinti - əmanət bankları yaradılacaq.
İpoteka kreditləşməsinin genişləndirilməsi məqsədilə Azərbaycanda bu il tikinti-əmanət bankları yaradıla bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bankının 2010-cu il pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

Bəyanatda hökumətin ipoteka kreditləşməsini genişləndirmək niyyətində olduğu göstərilir. Bunun üçün dövlət büdcəsində nəzərdə tutulan sosial ipoteka mexanizminin də tətbiqi davam etdiriləcək.

Bəyanata görə, ipoteka mexanizminin təkmilləşməsi çərçivəsində yeni ipoteka modelinin hazırlanması məqsədilə yaşayış, tikinti-əmanət banklarının fəaliyyətə başlaması üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Yaşayış-tikintinti əmanəti üzrə ipoteka kreditləşməsi proqramları ilkin ödəniş üçün kifayət qədər yığımı olmayan, ancaq ev almaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Xatırladaq ki, Mərkəzi Bankın rəsmiləri mətbuata açıqlamalarında bir neçə il öncə "Tikinti-əmanət bankları haqqında" qanun layihəsi hazırladıqlarını və hökumətə təqdim etdiklərini bildirib. Ancaq bu qanun Milli Məclisdə hələki müzakirə mərhələsinə çıxarılmayıb.

Beynəlxalq təcrübəyə əsasən yaşayış-tikinti əmanəti bankları belə borcalanlar üçün 2 mərhələdən ibarət kreditləşmə proqramı təklif edir.

Birinci mərhələ - yığım funksiyası daşıyır. Bu mərhələ ərzində borcalan qabaqcadan razılaşdırılmış və bankın faiz ödədiyi məbləği hər ay banka depozitə qoyur. Depozitdə ilkin ödəniş üçün tələb olunan kifayət qədər məbləğ yığıldıqdan sonra Proqramın ikinci mərhələsi – kreditləşmə mərhələsi başlayır. Bu mərhələnin əvvəlində bank borcalana kredit verir. Belə kreditlər üzrə faiz dərəcələri adətən digər kreditlər üzrə faizlərdən əhəmiyyətli dərəcədə aşağı olur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar