Bu gündən Azərbaycanda ipoteka kreditləşməsi bərpa olunur. İpoteka kreditlərinin verilməsi şərtləri aşağıdakı kimidir:
1. Kredit Azərbaycan manatı ilə verilməlidir;
2. Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
3. Kredit 3 ildən 25 ilədək müddətə verilməlidir;
4. Kreditin məbləği 50 000 manatdan çox olmamalıdır;
5. Kredit üzrə illik faiz dərəcəsi 8%-dən çox olmamalıdır;
6. Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır;
7. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borc alanın (borc alanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
8. Borc alanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərti ilə sığortalanmalıdır;
9. Kreditin son ödəniş tarixinə borc alanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
10. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olmalıdır;
11. İpoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
12. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilməlidir.
İpoteka kreditlərinin verilməsi ilə bağlı bütün məlumatlar Azərbaycan İpoteka Fondunun Veb saytında (www. amf.az) yerləşdirilib.
İpoteka kreditlərinin verilməsi təkcə gənc ailələrin mənzil probleminin həll edilməsi üçün nəzərdə tutulmayıb. Azərbaycan höküməti bu addımı iqtisadi böhran dövründə tikinti sektoruna dəstək və antiböhran tədbiri kimi qiymətləndirir.
Qeyd edək ki, artıq İpoteka Fondunun internet saytında müvəkkil bank, sığorta şirkəti və qiymətləndiricilərin təzələnmiş siyahısı da yerləşdirilib. Siyahıdan məlum olur ki, müvəkkil təşkilatlarda ciddi dəyişilik var. Belə ki, qiymətləndirmə şirkətlərinin sayı 17-dən 7-yə, banklarınsa 22-dən 17-yə qədər azaldılıb. Sığorta şirkətlərinin sayında ciddi dəyişiklik olmasa da, sığortaya çəkilən xərclər artacaq. Belə ki, indiyə qədər yalnız girov qoyulan əmlak sığortalanırdısa, artıq kredit götürən şəxsin əmək qabiliyyəti, həmçinin həyatı da sığorta olunacaq. Ən ciddi dəyişikliksə ipoteka predmeti ilə bağlıdır. 2007-ci ildə ipoteka krediti ilə torpaq sahəsi də almaq olurdusa, bundan sonra yalnız bina evlərinə görə borc ayrılacaq. Belə ki, Mərkəzi Bankdan verilən məlumatlara görə, burada bina evləri dedikdə yeni tikililərdəki mənzillər nəzərdə tutulur.
Sosial ipoteka kreditlərinin verilməsi yaxın vaxtlarda bərpa ediləcək. Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, bu kreditlər büdcədən ayrılacaq vəsait hesabına maliyyələşəcək. İpoteka Fondunun internet saytındakı məlumatlardan belə aydın olur ki, bu gündən adi ipotekanın illik faizi 8, maksimum müddəti 25 il, güzəştli ipotekanın müddəti 30 il, maksimum illik faiz dərəcəsi isə 4 faiz olması nəzərdə tutulub. /ANS PRESS/