“İnternet azadlığı və təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib
27 Aprel 2011 Çərşənbə 17:40
Bakıda Azərbaycan Media Mərkəzi (AMM) və İREX beynəlxalq təşkilatının təşkilatçılığı ilə “İnternet azadlığı və təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.
Bakı. Pərvin Abbasov – APA. Bakıda Azərbaycan Media Mərkəzi (AMM) və İREX beynəlxalq təşkilatının təşkilatçılığı ilə “İnternet azadlığı və təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının 2011-ci il üçün internet azadlığı ilə bağlı hesabatının Azərbaycana dair hissəsi müzakirə olunub.
Media Hüququ İnstitutunun (MHİ) layihə koordinatoru Xalid Ağəliyev “Freedom House”un hesabatının Azərbaycanla əlaqəli hissəsinin təqdimatını edib. O bildirib ki, Azərbaycan hesabatda 10 mümkün xaldan 48-ni toplayıb və internet üzrə “qismən azad” ölkələr sırasında göstərilib. Hesabatda ölkə əhalisinin yalnız 12 faizinin internetə qoşulma imkanlarının olduğu, internetə maraq göstərən digərlərinin isə internet-klublara üz tutduğu qeyd edilib. Sənəddə deyilir ki, Azərbaycanda internet sahəsində inhisarçılıq var. Bundan başqa, 3G mobil rabitə xidmətinin ölkədəki üç mobil operatordan yalnız birinə verilməsi də təəssüflə bildirilib.
Tədbirdə iştirak edən Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Tənzimlənmə şöbəsinin baş məsləhətçisi Zakir Qasımov “Fredoom House”un hesabatından xəbərdar olduqlarını və öyrəndiklərini vurğulayıb. O, üç hissədən ibarət hesabatda göstərilən fakt və rəqəmlərin əsassız olduğunu söyləyib: “Məsələn, hesabatda mobil telefon istifadəçilərinin sayı 2009-cu ildə olan rəqəmləri əks etdirir. Halbuki 2011-ci il yanvarın 1-nə olan məlumata əsasən ölkədə 9 158 019 mobil telefon abonenti var”. O, Azərbaycanda internetin qiymətlərinin bir müddət öncə ucuzlaşdırıldığını da xatırladıb: “Yəqin ki, qiymətlərə bir daha baxılacaq”.
Şöbə müdiri bəyan edib ki, Azərbaycan tərəfi bununla bağlı təşkilata məktub göndərəcək.
Tədbirdə İREX-in “Yeni media” layihəsinin direktor müavini vəzifəsinin icraçısı Ələsgər Məmmədli və Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı da çıxış edib.
DOSTLARINLA PAYLAŞ: