İmişli sahibkarlarına güzəştli kreditlər verilib
11 Fevral 2011 Cümə 16:40
Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, növbəti belə tədbir bu gün İmişli rayonunda keçirilib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak edib.
Tədbirdən əvvəl əsas hissəsi SKMF-nın güzəştli kreditləri hesabına maliyyələşdirilmiş İmişli rayonundakı “Araz Damazlıq Quşçuluq” MMC-nin illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan quşçuluq (broyler) təsərrüfatında aparılan tikinti işlərinə və “Kraun Ko.” MMC-nin tutumu 50 min ton olan müasir taxıl anbarı kompleksində aparılan son tamamlama işlərinə baxış keçirilib.
Sonra sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilib, həmçinin, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti, fondun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, sahibkarlara metodiki materiallar paylanıb. Tədbirdə İmişli rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 20 hektarlıq intensiv bağçılıq təsərrüfatının (nar bağının), 500 başlıq südlük istiqamətli heyvandarlıq kompleksinin və 500 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Fondun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Aran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, SKMF müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində 144 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 10,9 milyon manat güzəştli kredit verib. Ş. Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırıb. Sonra müvəkkil kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət göstərən 37 sahibkarlıq subyektinə 454 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: