İlin əvvəlindən 9723 ipoteka müqaviləsi bağlanıb
31 İyul 2010 Şənbə 11:30
Müqavilələrin 48.8 faizi Bakı şəhərinin payına düşüb.
Bu ilin 6 ayında Azərbaycanda 46 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunun 15 minə yaxını ilkin, 31 minə yaxını isə təkrar qeydiyyat təşkil edir. Əmlak Məsələləri Dövlət Komiitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunlardan fərdi yaşayış və bağ evi üzərində hüquqlara dair 9196 sənəd, mənzillərə dair 18500 çıxarış verilib.
Bundan başqa, 14 802 torpaq sahəsi, 2295 qeyri-yaşayış sahəsi, 273-ü əmlak kompleksi, 9 çoxmərtəbəli yaşayış binası üzərində hüquqlara dair sənədlər təqdim olunub. Ölkədə çoxillik əkmələrin üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsində də canlanma yaranıb. İlin əvvəlindən 397 çoxillik əkmələrin olduğu torpaq sahələrinə dair mülkiyyət sənədləri təqdim edilib.
Altı ayda üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 18958-sı və ya 41.7 faizi Bakıda yerləşir.
Bununla yanaşı, ilin əvvəlindən 9723 ipoteka müqaviləsi, 217 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınmış ipoteka müqavilələrindən 4746-ı və ya 48.8 faizi Bakı şəhərinin payına düşür.
Bundan başqa, altı ayda daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı 5 685 min manat xidmət haqqı və 3 407 min manat dövlət rüsumu daxil olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: