İlham Əliyev Palfood dondurma fabrikinin açılışında iştirak edib
25 İyun 2010 Cümə 15:55
Prezident Palfood müəssisəsi ilə yaxından tanış olub.
Bu gün prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Palmali Holdinq” şirkətlər qrupuna daxil olan “Palfood” MMC-nin dondurma fabrikinin açılışında iştirak edib. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Məlumat verilib ki, “Palfood” MMC dondurma fabrikinin tikintisinə 2008-ci ildə başlayıb, ötən ilin sonlarında isə “Paldad” markası ilə dondurma istehsalına başlanılıb. Lənkəran şəhərinin Ləvəngi dairəsində yerləşən fabrikin ümumi sahəsi 20 min kvadratmetrdir. Müəssisədə 120 nəfər işlə təmin olunub. Burada keyfiyyətli süddən istifadə edilməklə “Türk üsulu”, “Palegriya”, “Buz qələm” və digər adlarda 28 çeşiddə dondurma istehsal olunur.
Beynəlxalq İSO 22000 qida təhlükəsizliyi idarə sistemi çərçivəsində xam məhsulun emalından son qablaşdırmayadək dondurma ən yüksək səviyyədə əl vurulmadan hazırlanır. Fabrik ayda 500 min litr dondurma istehsal etmək gücünə malikdir.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basıb. Məlumat verilib ki, hazır məhsul mənfi 30 dərəcədə olan soyuducu anbara göndərilir. 720 kvadratmetr sahədə tikilən soyuducu anbarda 250 ton qablaşdırılmış dondurma saxlanılır. Dondurma sexinin investisiya dəyəri 15 milyon manatdır. Ən son texnologiya ilə qurulan zavoda avadanlıq Danimarkadan gətirilib. Dondurmanın qabları isə Türkiyə istehsalıdır. Hazırda Azərbaycan bazarı ilə yanaşı, “Paldad” dondurmalarının Türkiyə, Gürcüstan, Özbəkistan və digər dövlətlərə ixracı istiqamətində danışıqlar aparılır.
Prezident İlham Əliyev müəssisənin məhsullarının nümunələrinə və dadına baxıb, kollektivi təbrik edib.
URL: http://www.azertag.gov.az/index_az.jsp?id=12081&date=2010-06-25&lang=az ANSPRESS
DOSTLARINLA PAYLAŞ: