İlham Əliyev: “2009-cu ildə üç milyon ton taxıl yığılıb və bu, rekord göstəricidir”
01 Yanvar 2010 Cümə 10:35
İlham Əliyev: “2009-cu ildə üç milyon ton taxıl yığılıb və bu, rekord göstəricidir. Gələcəkdə Azərbaycanın iqtisadiyyatı daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaq”
“2009-cu ildə bütün çətinliklərə baxmayaraq, Azərbaycan uğurlu inkişafı davam etdirib”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə xalqa təbrikində deyib. Onun sözlərinə görə, ötən il ölkəmizdə iqtisadi artım 9 faizdən çox olub. Dövlət başçısının fikrincə, bu, böhranlı ildə çox böyük göstəricidir: “Bütün bölgədə yaşanan böhran və bölgədə müxtəlif istiqamətlərdə aparılan islahatlar hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır. Biz xalqımızın istedadına arxalanırıq, aparılan islahatlara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq”.

Prezident qeyd edib ki, 2009-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf müşahidə olunub. O deyib ki, ölkədə iqtisadi artım 9 faizdən çox olsa da, inflyasiya 2 faizdən aşağı səviyyədədir: “Bütün bunlara biz sizinlə bərabər düşünülmüş siyasət aparmaqla, islahatlar aparmaqla buna nail ola bilmişik. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanın bu istiqamətdə - iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etdi və bunu bəyan etdi. 2009-cu ildə Dünya İqtisadi Forumu - çox mötəbər beynəlxalq təşkilat - Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq gördü. Azərbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir. 2009-cu ildə bütün planlar, nəzərdə tutulmuş bütün tədbirlər icra edildi. Regionların inkişafı sürətlə davam etdi. Son 6 il ərzində Azərbaycanda 800 mindən çox yeni iş yerləri açılıb. Bütün bölgələrdə canlanma var, abadlıq, quruculuq işləri aparılır. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair ikinci proqram icra olunur. Bu proqram çox müfəssəl proqramdır və proqramın icrası nəticəsində, demək olar ki, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapmalıdır. Biz görürük ki, bu proqram 2009-cu ilin yekunlarına görə uğurla icra edilir”.

Ölkə başçısı Azərbaycanda aparılan abadlıq-quruculuq işlərinə də toxunub. İlham Əliyev deyib ki, böhran ilinə baxmayaraq, bütün infrastruktur layihələri icra edilir: “Yeni yollar çəkilir. Həm Bakıda, həm bizi qonşu ölkələrlə birləşdirən magistral yollar salınır və bu yollar ən yüksək standartlara cavab verir. Elektrik stansiyalarının tikintisi uğurla davam edir. Bunu etməklə Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və biz gələcək illərdə diqqətimizi daha çox bərpa olunan enerji növlərinin yaradılmasına yönəldəcəyik. Azərbaycanda bütün bölgələrin qazlaşdırılması prosesi davam etdirilir. Əhali təmiz içməli su ilə təmin edilir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yüz minlərlə vətəndaş içməli su ilə təmin edilib. Bu proses davam edir və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi bizə imkan verəcək ki, Azərbaycan əhalisi içməli su ilə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə təmin edilsin”.

Prezident İlham Əliyevin sözlərinə görə, bütün sosial proqramlar icra edilir. O bildirib ki, iqtisadiyyatımızın müəyyən hissəsi neftdən əldə olunan gəlirlər hesabına formalaşır və 2009-cu ildə neftin qiyməti dünyada kəskin şəkildə aşağı düşüb: “Buna baxmayaraq, bütün sosial proqramlar vaxtında icra edilir. Ünvanlı sosial yardım proqramı aparılır və bu proqram gələcəkdə də davam etdiriləcəkdir. Hər yerdə yeni məktəblər, tibbi mərkəzlər, idman kompleksləri, mədəniyyət ocaqları yaradılıb. Yəni ki, 2008-ci ilin sonunda bu il üçün - 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş bütün sosial proqramlar icra edildi. Erməni işğalından əziyyət çəkən soydaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması işində əməli addımlar atılıb. Yeni qəsəbələr salınır, gözəl evlər, hündürmərtəbəli binalar tikilir. Yəni, bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı öz resurslarına arxalanır. Biz bəzi başqa ölkələr kimi xarici yardım hesabına yaşamırıq. Biz müstəqil siyasət aparırıq, ləyaqətli siyasət aparırıq, öz resurslarımıza arxalanırıq, öz hesabımıza yaşayırıq və ölkəmizi gücləndiririk, abadlaşdırırıq. Ölkəmizin beynəlxalq müstəvidə daha da güclü olması üçün əlimizdən gələni edirik”.

2009-cu ildə kənd təsərrüfatının inkişafı sahəsində böyük işlər görülüldüyünü bildirən prezident bildirib ki, ötən il üç milyon ton taxıl yığılıb və bu, rekord göstəricidir: “Azərbaycan tarixində bu günə qədər heç vaxt bu qədər taxıl istehsal olunmurdu. Bütün başqa kənd təsərrüfatı məhsullarının istehsalı üçün də praktiki işlər görülür, subsidiyalar, kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir, suvarma tədbirləri görülür. Yəni, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün bizim düşünülmüş proqramımız var və bunun nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları artır. Biz bu gün özümüzü demək olar ki, əsas kənd təsərrüfatı məhsulları ilə təmin edirik. Gələcəkdə bu, daha da böyük həcmlə təşkil ediləcəkdir. Həm öz daxili tələbatımızı ödəmək üçün, həm də ixrac potensialımızı artırmaq üçün gələcəkdə əlavə imkanlar yaradılacaq. Ölkəmiz üçün həm iqtisadi, həm sosial baxımdan çox vacib olan bu sahənin inkişafı kompleks tədbirlər nəticəsində təmin edilir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün gözəl şərait var: “Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar. Əgər Azərbaycan dövləti tərəfindən kreditlər təşkil edilməsəydi, kənd təsərrüfatının inkişafı üzrə bizim böyük problemlərimiz ola bilərdi. Amma kreditlərin vaxtında verilməsi və sahibkarlığın inkişafı üçün görülən bütün tədbirlər, əlbəttə, sahibkarlara da çox gözəl şərait yaradır. Gələcəkdə Azərbaycanın iqtisadiyyatı daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaq. Bütün infrastruktur layihələri həyata keçirilir, elektrik stansiyaları, yollar tikilir, - mən artıq bu barədə danışdım, - bunlar, eyni zamanda, sahibkarlığın inkişafı üçün də başlıca şərtdir. Azərbaycanın şəhərləri abadlaşır, gözəlləşir. Sahibkarlığın inkişafı bizim üçün həmişə olduğu kimi prioritet məsələdir və bu istiqamətdə növbəti illərdə də lazımi tədbirlər görüləcək”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib. Qarşıda duran bütün neft-qaz layihələri icra edilib. Hökumət nəzərdə tutulmuş bütün məsələləri həll etmişik, ixracımızı şaxələndirə bilib: “Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla çıxarılır və ixrac coğrafiyası gələn ildən başlayaraq daha da genişlənəcək. 2009-cu ildə Azərbaycanda 50 milyon ton neft, 25 milyard kubmetr qaz hasil edilibdir. Gələn il bu rəqəmlər daha da artacaq və beləliklə, ölkəmizə əlavə maliyyə resursları gələcək, eyni zamanda, ixrac imkanlarımız genişlənəcək”. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artmaqdadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar