İçəri Şəhərdə “Meydan bazarı” təşkil olunacaq
18 Mart 2010 Cümə Axşamı 11:55
21-23 martda İçəri Şəhərdə fərqli konsert proqramları, sərgilər, pəhləvanların çıxışları olacaq.
Novruz bayramı münasibəti ilə İçəri Şəhərdə "Meydan bazarı" təşkil ediləcəck. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, milli tətbiqi sənətin dəstəklənməsi, mədəniyyətimizin və tariximizin təbliği, habelə bayram günlərində İçəri Şəhərdə mənalı vaxt keçirilməsi üçün şəraitin yaradılması məqsədi ilə təşkil olunan “Meydan Bazarı” 21 mart tarixindən başlamaqla 3 gün davam edəcək. Bu zaman keçiriləcək konsert proqramlarının əksəriyyəti Qız Qalasının ətrafında, digər əyləncəli tədbirlər və yarmarka Qoşa Qala Qapıları Meydanında olacaq.

Bayram konsertlərində gün ərzində 3 fərqli konsert proqramı təqdim edilməklə Dövlət Nəfəs Alətləri Orkestri, Xalq Çalğı Alətləri Ansamblı, aşıq və caz qruplarının, habelə digər musiqi kollektivlərinin çıxışları planlaşdırılır.

Burada müxtəlif müsabiqələr, pəhləvanların və sehrbazların çıxışları, milli tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı, habelə milli yeməklərin və içkilərin təqdim olunduğu kafenin təşkili, bədii və tarixi personajların geniş tərkibdə qədim şəhərin küçələrində təmsil olunması nəzərdə tutulub.

Qeyd edək ki, “Meydan bazarı”nın 21-23 mart tarixlərində saat 11.00-dan 18.00-dək açıq olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar