Hər bir istehlakçı öz hüquqlarını bilməlidir
28 Fevral 2011 Bazar Ertəsi 19:53
Dövlət İqtisad Universitetində bu mövzuda seminar keçirilib.
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda seminar keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə ali təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbəsi iştirak edib. Seminarda çıxış edən nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, ölkədə istehlakçıların hüquqları 1995-ci ildə qəbul edilmiş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qorunur: “İstehlakçıların hüquq və vəzifələrini özündə əks etdirən bu sənəd beynəlxalq ictimaiyyət tərəfindən istehlakçı prinsipləri kimi tanınmış müddəalar əsasında formalaşıb. Bununla belə, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir”.
A.Əliyev istehlakçıların hüquqlarının qorunması istiqamətində Dövlət Xidməti tərəfindən mütəmadi olaraq nəzarət və maarifləndirmə tədbirlərinin keçirildiyini də qeyd edib.
Sonra Dövlət Xidmətinin İstehlakçı hüquqları şöbəsinin müdiri Zahid Şərifov çıxış edərək istehlakçı hüquqları barədə ətraflı məlumat verib. O, bu sahədə maarifləndirmənin, dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: