Gürcüstanda daha 3 “SOCAR” brendli YDM açıldı
30 İyul 2010 Cümə 10:00
Bununla da qonşu dövlətdə ARDNŞ-in yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatıb.
Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdədir. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, Tiflisdə 2, Kutaisi rayonunun Kvitiri qəsəbəsində isə 1 yeni yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilib.
“SOCAR Georgia Petroleum” MMC-yə məxsus yanacaqdoldurma məntəqələrinin açılış mərasimində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri, “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov rəmzi qırmızı lenti kəsərək, məntəqələrin kollektivinə uğurlar arzulayıb. Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Gürcüstan hökumətinin və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Bildirilib ki, yeni məntəqələrin istismara buraxılması ilə Gürcüstan ərazisində “SOCAR” brendi ilə fəaliyyət göstərən, yüksək standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: