Göyçayda 37 sahibkara 448 min manat güzəştli kredit verilib
12 Avqust 2011 Cümə 17:03
Bu kreditlər hesabına 72 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Iqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu il sayca 20-ci tədbirini bu gün Göyçay rayonunda keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi SKMF-nın güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Göyçay rayonundakı "Göyçay-Konyak Zavodu" ASC-nin illik istehsal gücü 10 min dekalitr spirt olan üzüm emalı müəssisəsində aparılan tikinti işlərinə, "Göyçay Süd" ASC-nin tutumu min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilib.

Tədbirdə Göyçay rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan üç istiqamət üzrə - müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması, ətlik və ya südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması, müasir suvarma sisteminin tətbiqi ilə intensiv bağçılıq (nar, xirnik və üzüm) təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Fondun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Aran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, SKMF müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1061 investisiya layihəsinin maliyyələşdirilməsinə 89.5 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 59 böyük və iri həcmli investisiya layihəsinin (7 müasir çörək istehsalı müəssisəsinin, 12 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 8 müasir istixana kompleksinin, 2 süd məhsullarının istehsalı müəssisəsinin, 9 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi), 2 meyvə-tərəvəz emalı, bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, parça istehsalı, tikinti materiallarının istehsalı, 5 kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması, 2 turizm infrastrukturunun və kütləvi informasiya vəsaitlərinin inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 76.9 milyon manat və 1002 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 12.6 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 4277 yeni iş yerinin yaradılacağı nəzərdə tutulub. Ş. Abdullayev 2011-ci ildə Aran iqtisadi rayonu üzrə Fondun güzəştli kreditlərinin veriləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Göyçay və ətraf rayonlarda fəaliyyət göstərən 37 sahibkarlıq subyektinə 448 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 72 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə rayonun yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə məsləhətləşmələr aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar