Gənclərə ipoteka krediti aşağı faizlə veriləcək
29 Aprel 2011 Cümə 23:23
İntiqam Babayev: “Gələcəkdə güzəştlər bütün kateqoriyadan olan gənclərə aid ediləcək”.
Bu gün Azərbaycan gəncinin qarşılaşdığı əsas problemlər işsizlik və onların evlə təminatı ilə bağlıdır. Gənclər üçün nəzərdə tutulan ipoteka kreditinin yüksək faizlə verilməsi onları şəxsi evə sahib olmaq imkanından məhrum edir. Gənc Xaqani Fərəcov deyir ki, gənclərin ipoteka kreditlərində faizlər çox yüksəkdir, onlar aşağı salınmalıdır. Onun sözlərinə görə, banklar özləri maraqlı olmalıdır ki, gənclərə bu məsələdə yardım etsin: “Bu sahədə başqa alternativ təkliflər olmalıdır və yaxud dövlətin birbaşa müdaxiləsi ilə olmalıdır”.
Gənclərin qarşılaşdığı problemlərin həlli “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramında nəzərdə tutulub. Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyir. O, proqram çərçivəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün beynəlxalq standartlara cavab verən Azərbaycan Gənclər Mərkəzinin tikiləcəyini bildirib. Proqramda gənclərin sosial inkişafı üçün onlara aşağı faizlə ipoteka kreditinin verilməsi də nəzərdə tutulur. Lakin burada ilkin olaraq müəyyən kateqoriyalara üstünlük veriləcək.
İ. Babayevin sözlərinə görə, bura milli qəhrəmanlar və onların ailə üzvləri, idman sahəsində yüksək nailiyyətlər əldə etmiş gənclər aiddir: “Daha sonra bura dövlət qulluğunda çalışan və müəyyən staj əldə etmiş dövlət qulluqçuları, qaçqın və məcburi köçkün ailələrdən olan istedadlı gənclər daxildir”.
Nazir müavini gələcəkdə bu güzəştlərin bütün kateqoriyadan olan gənclərə aid ediləcəyini də deyib. Rəsmi statistikaya görə, bu gün ölkə əhalisinin 66 faizini gənclər təşkil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: