Gəncədə Azərbaycan-Almaniya biznes forumu keçirilib
22 İyul 2010 Cümə Axşamı 17:40
Gəncədə Azərbaycan-Almaniya biznes forumu keçirilib. Foruma ümumilikdə 100-ə yaxın iştirakçı qatılıb.
Bu gün Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirə Azərbaycan və Almaniya tərəfindən dövlət rəsmiləri ilə yanaşı, alternativ enerji, kənd təsərrüfatı, qida sənayesi, maliyyə, maşınqayırma, sənaye, neft-qaz və digər sahələrdə fəaliyyət göstərən iş adamları qatılıb. Ümumilikdə forumda 100-ə yaxın iştirak adam iştirak edib.
Biznes forumda çıxış edən "AZPROMO"nun prezidenti Adil Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiya Nazirliyinin nümayəndəsi Andreas Neuman mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat veriblər, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə "AZPROMO"nun İxrac Departamentinin direktoru Vüsal Kərimli təqdimatla çıxış edərək Gəncə-Qazax iqtisadi regionunun investisiya imkanları, "AZPROMO"nun fəaliyyəti, yerli ixracatçılar və xarici investorlar üçün qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Biznes forum çərçivəsində həmçinin iş adamları arasında işgüzar görüşlər keçirilib, iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Gəncə-Qazax iqtisadi regionuna səfər çərçivəsində alman iş adamları bu bölgənin bir sıra istehsal müəssisələri ilə də tanış olub. Almaniyalı iş adamlarının Azərbaycana səfəri çərçivəsində ilk biznes forum iyulun 19-da Bakı şəhərində keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: