Gəncə alüminium zavodu fəaliyyətini dayandırıb
21 Aprel 2009 Çərşənbə Axşamı 11:30
Dünya bazarında alüminiumun ucuzlaşması zavodu fəaliyyətini dayandırmağa məcbur edib

 

«Azəralüminium» Açıq Səhmdar Cəmiyyətinin Gəncə «Gil-torpaq» İstehsalat Sahəsi fəaliyyətini tam dayandırıb. Bununla da bütün işçilər öz hesabına iki aylıq məzuniyyətə buraxılıb. Xatırladaq ki, müəssisədə yaranmış vəziyyətlə bağlı aprelin əvvəlində burada çalışan 2 min 265 işçinin 700 nəfərə yaxını məzuniyyətə göndərilmişdi.
Verilən məlumatlara görə, bağlanmış müəssisənin girişində rəhbərliyin müvafiq əmri asılıb. Əmrdə bildirilir ki, məzuniyyətlər qlobal böhranın alüminium sahəsinə də mənfi təsir etməsi nəticəsində müəssisədə iş həcminin azalması ilə bağlıdır.

Qeyd edək ki, istehsalat sahəsinin mütəxəssislərinin bildirdiklərinə görə, 2007-ci ilin iyununadək dünya birjalarında alüminium məhsulunun 1 tonu 3300 dollara satılırdısa, indi isə bu qiymət 1500 dollaradək ucuzlaşıb. İqtisadçı ekpertlər hesab edir ki, bu qiymətlər fonunda Gəncə «Gil-torpaq» İstehsalat Sahəsi öz məhsulunu satışa çıxararsa, hər tona görə 600 dollar ziyan etmiş olacaq. Çünki istehsal olunan alüminiumun bir tonu 2 min dollardan baha başa gəlir. Məhz bu səbəbdən istehsalat sahəsi fəaliyyətini tam dayandırıb. Mütəxəssislər onu da əlavə ediblər ki, Gəncənin iqtisadi potensialında xüsusi çəkisi 50 faizdən artıq olan müəssisənin öz fəaliyyətini nə vaxt bərpa edəcəyi hələ ki, məlum deyil./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar