Gənc ailələr ipoteka kreditinə daha çox maraq göstərir
06 Mart 2013 Çərşənbə 07:07
İpoteka krediti üçün müraciət edənlərin sayı 3 dəfə artıb.
Son bir ayda əhali arasında ipoteka krediti almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunub. Müraciət edənlərin əksəriyyəti isə gənc ailələrdir. Ancaq ipoteka kreditlərini verilməsində hələ də bir sıra problemlər qalmaqdadır. Həm vətəndaşlar, həm də mütəxəssislər şərtlərin yüngülləşdirilməsini vacib sayırlar.
Nəhayət ki, ipoteka bazarında canlanma yaranıb. Statistika Komitəsinin məlumatına görə, ötən ay ipoteka kreditləşməsinə müraciət edənlərin sayı 3 dəfə artıb. Bu ilin büdcəsində ipoteka üçün nəzərdə tutulan vəsaitlər müvəkkil banklara veriləndən dərhal sonra İpoteka Fondunun xətti ilə əhaliyə 7,42 milyon manat kredit verilib.
Bu məbləğ ötən ilin eyni dövrü ilə nisbətdə 6,7% aşağı göstəricidir. İpoteka kreditləri 8%-lə verilir və bu faiz ölkədə kommersiya banklarının tələb etdiyi faizdən dəfələrlə aşağıdır. Buna baxmayaraq, ipoteka krediti üçün müraciət edənlərin sayı elə də çox deyil. Müvafiq kreditlərə daha çox gənc ailələr maraq göstərir.
Qeyd edək ki, il ərzində ölkədə orta hesabla 70 min nigah bağlanır. Tədqiqatlara əsasən, bu ailələrdən 30 mini ev almaq çətinliyi ilə üzləşir.
İqtisadçılar əhalinin ipoteka kreditlərinə az müraciət etmələrini bir neçə səbəblə əsaslandırırlar. Ekspertlərin ümumi qənaəti belədir ki, şərtlər yüngülləşdirilərsə, ipoteka kreditlərindən faydalananların sayı artar.
İpoteka şərtləirinin yüngülləşdirilməsi üçün, ilk növbədə, kredit resurslarının artırılması vacib sayılır. Belə ki, ölkədə ipoteka kreditlərinin hazırki məbləği ilə adambaşına düşən ipoteka kreditinin həcmi 45 manatdır. Bu rəqəm əvvəlki illərlə müqayidə çox olsa da, qənaətbəxş deyil.
Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsindən ipoteka kreditləri üçün 40 milyon manat vəsait ayrılıb. İpoteka fondunun təkrar maliyyələşmə və istiqrazlardan əldə olunan gəlirlə birlikdə hazırkı vəsait 100 milyon manatdır.
DOSTLARINLA PAYLAŞ: