Fitch Texnikabankın proqnozunu bir pillə qaldırıb
07 Aprel 2011 Cümə Axşamı 16:51
Reytinq agentliyi bankın reytinqini “B-“ stabil səviyyəsində təsdiqləyib
Beynəlxalq “Fitch” reytinq agentliyi “Texnikabank” ASC-nin reytinq proqnozunu bir pillə qaldıraraq bankın reytinqini “B-“ stabil səviyyəsində təsdiqləyib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın maliyyə strukturunun diversifikasiyası və likvidiliyin artırılması reytinq proqnozunun artırılmasında əsas amil olub. Bank beynəlxalq kapital bazarlarında hökm sürən qeyri stabilliyi nəzərə alaraq, nəzərdə tutulmuş avrobondların emissiyasını təxirə salıb.
Belə ki, agentlik bankın qısa müddətli EDR “B” səviyyəsində təsdiqləyib. İndividual reytinq “D/E”, dayaq reytinqi “5” səviyyəsində, uzun müddətli EDR-in dayaq səviyyəsi “dayaq səviyyəsinin olmaması” kimi təsdiqlənib.
Prioritetli və təminatsız reytinq “B-(exp)” səviyyəsində təsdiqlənib və geri çağırılıb. Aktivlərin qaytarılması reytinqi “RR4” səviyyəsində təsdiqlənib və geri çağırılıb. Uzunmüddətli EDR “B-“ səviyyəsində təsdiqlənib, proqnoz “Mənfi”dən “Stabil”ə dəyişdirilib.
2010-cu ildə aktivlər 2009-cu ilə nisbətən 10 faiz artaraq 511 milyon. manat təşkil edib. İlin sonuna bankın kredit portfeli 3,5 faiz artaraq 351 milyon manatdan 363,5 milyon manata, depozit portfeli isə 39 faiz artaraq 257 milyon manata çatıb. Fiziki şəxslərin depozitləri isə 59 faiz artaraq 179 milyon manat təşkil edib.
Mərkəzi Bank tərəfindən təyin edilmiş minimum 12 faiz məcmu kapital adekvatlığı və 6 faiz birinci dərəcəli kapital adekvatlığı tələbi olduğu halda, “Texnikabank” ASC-nin beynəlxalq maliyyə hesabatlarına görə məcmu kapital adekvatlığı 16 faiz, birinci dərəcəli kapital adekvatlığı isə 15 faiz olub. 2010-cu ildə əldə edilmiş mənfəət 2011-ci ilin mart ayından etibarən kapitala yönəldilib. Hazırda bankın kapitalı 64, 75 milyon manat təşkil edir.
Qeyd edək ki, “Texnikabank” 1993-cü ildən fəaliyyət göstərir. 2010-cu ilin sonuna bankın 35 filialı, 60 bankomatı, 150 POS-terminalı və 626 işçisi olub.
DOSTLARINLA PAYLAŞ: