Bayramda ətin qiymətində artım olunmuyub
17 Noyabr 2010 Çərşənbə 00:05
Müşahidələr isə ötən illə müqayisədə builki bayramda ətin bahalaşdığını göstərir
Qurban bayramı ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən bazarlarda monitorinqlər keçirilib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Məlumatda deyilir ki, bir həftə davam edən monitorinqə görə, bazarlarda ətin qiymətində artım müşahidə olunmayıb.
Qeyd edək ki, əməkdaşlarımızın bazarlarda apardığı müşahidələr ətin qiymətinin bahalaşdığını göstərir. Belə ki, builki qurbanlıq qoyunların qiymətində ötən illə müqayisədə bahalaşma hiss olunur. Yəni bazarlarda stabil qiymət müşahidə edilmir. Qurbanlıq diri qoyunun kiloqramı 7-8, bəzi yerlərdə hətta 9 , dana əti isə 7-7,5 manata başa gəlir. İndi 20 kiloqramlıq qoyunu 160 manata almaq olar.
Keçən il 6-7 manata satılan qoyun əti bu il 8-9 manata, dana əti isə müvafiq olaraq 5 manatdan 7- 7,5 manata, hətta 8 manata qədər bahalaşıb. Satıcılar bahalaşmanı yerlərdə satılan qiymətlə, əlavə xərclərin olması ilə əlaqələndirir. Həmçinin bu il yemin qiymətinin artması da ət bazarına təsirsiz ötüşməyib.
DOSTLARINLA PAYLAŞ: