Ənənəvi qiymət artımı gözlənilir
17 Sentyabr 2009 Cümə Axşamı 23:35
Buna səbəb qarşıdan Ramazan bayramının gəlməsidir
11 ayın sultanı olan Ramazan ayı başa çatmaq üzrədir. Bu ay ərzində oruc tutub fiziki baxımdan da, mənən də, ruhən də sağlamlaşanlar da oldu, bunun əksini edənlər də. İslami adət-ənənəyə görə, həmin gün hər kəsin evinda bayram əhval-ruhiyyəsi hiss edilməli, süfrələr cürbəcür nemətlərlə bəzədilməli, kasıb ailələlərə əl tutulmalıdır. Onların evində də bayram əhval-ruhiyyəsinin yaranmasına yardımçı olmaq lazımdır.

Lakin unutmaq lazım deyil ki, bütün bunları həyata keçirmək üçün mütləq bazarlara getmək, pul xərcləmək lazımdır. Bunu bir-iki ay əvvəldən düşünən bəzi alverçilər hələ bayram yaxınlaşmamış qiymətləri qaldırmağa çalışır. ANS TV-nin əməkdaşları bayramqabağı bazarlara baş çəkərək qiymətlərlə maraqlanıb. Hal-hazırda bazarlarda vəziyyətin necə olduğunu araşdırıblar.

Əvvəlcə ANS TV əməkdaşları yollarını 8-ci mikrorayon bazarından salıb. Bazarın satıcıları bayramqabağı qiymətlərdə artım olmadığını söyləyiblər. Satıcılar builki qiymətlərin keçən illə müqayisədə aşağı olduğunu və şabalıdı, qaysını 4 manata satdıqlarını bildiriblər. Qeyd edək ki, şabalıdın ölçüləri müxtəlif olduğundan onun qiyməti də ölçülərinə uyğun olaraq 6 manatdan 8 manata kimi dəyişir. Belə şabalıdlar Qəbələdən gətirilir. Gürcüstandan gətirilən şabalıdların qiyməti isə 3-5 manat arasında dəyişir.

Satıcılar daha maraqlı bir məlumat veriblər. Belə ki, Ramazan ayında daha çox plov bişirildiyindən bu il düyünün qiymətində bir qədər bahalaşma var. Bunun da səbəbi düyüyə təlabatın artması və bazarlarda düyü qıtlığının yaranması olub.

Kişmiş və qaysının qiymətinə gəlincə... Məlumunuz olsun ki, kişmiş və qaysının qiymətlərində də sabitlik qorunmur. Belə ki, kişmişin qiyməti 4 manatdan 8 manat, qaysının 4-5 manat, turşunun isə 6-7 manat arasında dəyişir. Satıcılar kişmişin əsasən Gürcüstan və Özbəkistandan gətirildiyini söylədilər.

Orucluq ayında daha çox istifadə olunan yumurta və xurmanın qiymətinə gəlincə isə satıcılar bu qida məhsullarının qiymətinin bir qədər bahalaşdığını deyiblər. Əgər əvvələr yumurta 5-6 qəpik idisə, indi 12-15 qəpiyə satılır.

Xurmanın qiyməti isə 1.80 manatdan 3 manat arasında dəyişir. Satıcılar bu cür bahalaşmanı bayramın gəlişi ilə izah etsələr də, qiymətlərin topdan satış məntəqələrində də artırıldığı istisna edilmir. Satıcıların sözlərinə görə, bazarda ən az tapılan qida məhsulu yumurtadır.

Satıcılarla aparılan söhbət zamanı məlum olub ki, ötən illərə nisbətdə bu il sakinlərin alıcılıq qabiliyyəti bir qədər aşağı enib. Buna səbəb sakinlərin bazarlara deyil, mağaza və marketlərə üz tutmasıdır. Paytaxtdaxili dükan və marketlərdə isə bazarlara nisbətən qiymətlərdə daha çox artım hiss edilir. Bunu mağaza sahibləri də istisna etmir. Bahalaşma daha çox yağ və düyü məhsullarında müşahidə edilir. Qeyd edək ki, yağların qiymətində 1 manat arasında artım var.

Hər halda bayrama hələ azı 3 gün qaldığını nəzər alsaq, qiymətlərin dəyişəcəyi istisna edilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar