Embawood 15 yaşını qeyd etdi
24 Dekabr 2011 Şənbə 17:04
Müstəqilliyin 20, Embawood mebel şirkətinin 15 illiyi münasibətilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində konsert olub.
2011-ci il Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 20 illiyi tamam oldu. Azərbaycanın mebel sektorunda tanınmış şirkət olan "Embawood" üçün də 2011-ci il əhəmiyyətli ildir. Bu il şirkət 15 ilini qeyd edir. Doğrudur, dünya ölkələri ilə müqayisə etsək mebel sektorunda 15 il elə də böyük rəqəm deyil. Lakin, dövlətin bu sahəyə olan dəstəyi və göstərilən qayğı özünün xam materialı, mebel istehsal ənənəsi olmayan bir respublikanı bu sahədə Cənubi Qafqaz regionunun lideri və dünyanın 10 ölkəsinə mebel ixrac edən dövlətinə çevirib.
Bu iki əlamətdar hadisəni qeyd etmək üçün Heydər Əliyev adına İdman-Konsert Kompleksində böyük satış sərgisi keçirilib. Sərginin yekununda isə tanınmış müğənnilərin iştirakı ilə möhtəşəm konsert təşkil olunub. Konsert İTV kanalında canlı yayımlanıb.
Konserti açılış nitqi ilə Embawood şirkətinin baş direktoru Elşad Abbasov açıb. Nitqində Azərbaycanın müstəqilliyini təbrik edən və sosial-iqtisadi inkişafına toxunan baş direktorun sözlərinə görə bununla paralel istehlakçıların tələbləri də artır: “Bu gün Azərbaycan istehlakçısının tələbləri dünyanın inkişaf etmiş ölkələrinin istehlakçılarının tələbləri ilə eyni səviyyədədir. Bu tələbi qarşılamaq üçün məhsullarımızın dizaynında, keyfiyyətində, texnoloji proseslərin mükəmməlləşdirilməsində şirkətimiz böyük işlər görmüşdür, dünyanın ən qabaqcıl texnologiyalarını, beynəlxalq standartları Azərbaycanda tətbiq etmişdir. Sevindirici haldır ki, Azərbaycanda keyfiyyətli məhsul istehsal edən çoxlu şirkət mövcuddur və bu şirkətlər Azərbaycanın istehsalçı dövlət kimi imicinin yüksəlməsinə xidmət edir”.
Konsertin rəsmi hissəsində çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Adil Məmmədov fondun iş adamlarına göstərdiyi dəstək tədbirləri barədə məlumat verib.
Rəsmi hissə başa çatdıqdan sonra konserti öz mahnısı ilə Samirə açıb. Onunla birlikdə Sevda Yahyayeva, Zamiq, Nadir Qafarzadə, Şeron qrupu, Natavan, Nura Suri, Gülay Qədirova, Teymur Əmrah kimi populyar müğənnilər də öz ifaları ilə tamaşaçıların qarşısında çıxış etdilər. Konsert Teymur Əmrahın oxuduğu Azərbaycan mahnısı ilə başa çatıb.
Qeyd edək ki, konsertdən öncə bu iki əlamətdar hadisəni qeyd etmək üçün Heydər Əliyev adına İdman-Konsert Kompleksində böyük satış sərgisidə keçirilib. Sərgi zamanı nümayiş edilən hər bir mebel dəsti 30% endirimlə son istehlakçılara təqdim olunurdu. Bu mebellərin arasında hələ satışa buraxılmayan 2012-ci ilin modelləri də mövcud idi.
DOSTLARINLA PAYLAŞ: