Elman Rüstəmov BVF-in Azərbaycan missiyasının yeni rəhbərini qəbul edib
09 Fevral 2011 Çərşənbə 10:45
Elman Rüstəmov BVF-in Azərbaycan missiyasının yeni rəhbərini qəbul edib. Görüşdə 2010-cu ilin yekunları və 2011-ci ilin prioritetləri, bank sektorunun durumu, məzənnə siyasəti müzakirə olunub.
Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni təyin olunmuş rəhbəri Nadim İlahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda 2010-cu ilin iqtisadi yekunları və 2011-ci ilin prioritetləri, o cümlədən makroiqtisadi vəziyyət və bank sektorunun mövcud durumu, Mərkəzi Bankın məzənnə siyasəti strategiyası müzakirə olunub.

Missiya rəhbəri N. İlahi 2010-cu ildə Azərbaycanın müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasında Mərkəzi Bankın rolu ilə yanaşı ölkə iqtisadiyyatının diversifikasiyası məsələsinə də toxunub. Eyni zamanda, BVF-nin Maddələr Sazişinin IV məsləhətləşmələr bəndi üzrə gözlənilən missiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

E. Rüstəmov 2010-cu ildə bank sekorunun inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri barədə ətraflı məlumat verib. Görüşdə həmçinin, banklarda risk menecmentin təkmilləşdirilməsi, bank sistemində konsolidasiya ətrafında fikir mübadiləsi aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar