Əhməd Məhəmməd Əli yenidən İslam İnkişaf Bankının prezidenti seçilib
23 İyun 2010 Çərşənbə 14:55
İslam İnkişaf Bankı (IDB) Direktorlar Şurasının iyunun 23-24-də Bakıda keçirilən 35-ci İllik Toplantısında bu qurumun yeni prezidentinin seçilməsi ilə bağlı üzv-dövlətlər arasında səsvermə keçirilib.
«APA-ECONOMICS»in məlumatına görə, tam leyhinə olaraq IDB-nin prezidenti vəzifəsinə yenidən hazırda bu quruma rəhbərlik edən Əhməd Məhəmməd Əli seçilib.
Bundan başqa, toplantıda IDB-yə üzv olan ölkələrdən direktorlarının çıxışı dinlənilib. İki gün davam edəcək tədbirdə üzv ölkələrdə böhrandan sonra ərzaq təhlükəsizliyinə nail olunması üzrə 21-ci İllik Simposium, əl-Əqsa və əl-Qüds Fondlarının Ali Şuralarının və İdarəetmə Komitələrinin İclasları, İnvestisiya və İxrac Kreditlərinin sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 17-ci İllik Toplantısı, İslam Həmrəylik Fondunun Müdirlər Şurasının 3-cü İllik Toplantısı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının 10-cu Baş Assambleyası, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının 5-ci Baş Assambleyası keçiriləcək.
Qeyd edək ki, IDB 1975-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın 56 üzvü var, Azərbaycan isə 1992-ci ildən Bankın üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir iqtisadi inkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur. APA
DOSTLARINLA PAYLAŞ: