Əhalinin gəlirləri 9,3 faiz artıb
13 Avqust 2010 Cümə 16:30
Hər bir nəfərə düşən gəlirlər isə 8,0 faiz artaraq 1527,4 manata çatıb.
Bu ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,3 faiz artaraq 13,6 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,0 faiz artaraq 1527,4 manata çatıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, gəlirlərin 70,2 faizi son istehlaka, 9,5 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul aylarında 5,3 faiz artaraq 316,3 manata çatıb. Bununla yanaşı, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub. Yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 453,2 manat, tikinti kompleksində işləyənlərin isə 496,7 manat olmuş və ötən illə müqayisədə müvafiq olaraq 6,0 faiz və 11,8 faiz artıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: