Əhalinin banklara qoyduğu əmanətlər artıb
06 Yanvar 2010 Çərşənbə 21:15
Əhalinin banklara qoyduğu əmanətlər artıb. Bankların xarici borcları 1,8 milyard manata düşüb.
Azərbaycanın bank sistemində antiböhran tədbirləri bu il də davam etdiriləcək. Mərkəzi Bank bəyan edib ki, ötən il bank sistemi böhranının təsirlərinə dözümlü olub. Böhran ilində əmanətlərin sayı artıb. Xarici borclanmanın səviyyəsi aşağı düşüb.
Maliyyə böhranının təsirlərinə baxmayaraq ötən ilin 11 ayında əhalinin banklara qoyduğu əmanətləri 18,2 faiz artıb. Mərkəzi Bankın məlumatına görə, ötən ilin yanvar-noyabr aylarında banklara 2,8 milyard manat pul qoyulub. Mütəxəssislərin fikrincə, böhran şəraitində əmanətlərin artımı yüksək göstərici sayılmalıdır.
2009-cu il banklarda xarici borcların tənzimlənməsi sistemi tətbiq edilib. Nəticədə region ölkələrindən fərqli olaraq Azərbaycanda xarici borclar bankların öhdəliklərinin cəmi 20 faizi səviyyəsində məhdudlaşıb. 2008-ci illlə müqayisədə bankların xarici borcları 11 faiz azalaraq 1,8 milyard manata düşüb.
Hazırda banklar cari öhdəliklərin 80 faizi qədər likvid aktivlərə malikdir. Yəni istənilən vaxt bankların borcların ödənilməsində problemlə üzləşmə təhlükəsi azdır. Bununla yanaşı ötən dövrdə kreditlərin keyfiyyəti məqbul səviyyədə saxlanılıb. İndi banklar üzrə problemli kreditlərin xüsusi çəkisi cəmi 3,3 faizdir. Əvəzində 2008-ci illə müqayisədə bankların kredit qoyuluşu 12 faiz artıb.
Mərkəzi Bank bildirib ki, ötən il həyata keçirilmiş tədbirlərin davamı olaraq 2010-cu ildə maliyyə sabitliyinin qorunması üçün əsas diqqət bank sistemində risklərin çevik idarə olunmasına yönələcək. Bu məqsədlə bankların kapitallarının artırılması, likvidlik göstəricilərinin məqbul səviyyədə saxlanılması əsas hədəflərdəndir. Bununla yanaşı bu il də banklar tərəfindən kredit əməliyyatlarına nəzarət gücləndiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: