Dünya böhrandan çıxır?
18 Avqust 2009 Çərşənbə Axşamı 17:05
İqtisadçı millət vəkilləri krizisin gələn ilə qədər davam edəcəyini proqnozlaşdırırlar

 

Dünya böhrandan artıq çıxmaq üzrədir. Bu xəbər bütün dünya mətbuatını manşeti olub. Hətta vəziyyət o yerə çatıb ki, hər hansısa ölkənin iqtisadiyyatında cüzi bir artımın olması belə dünyanın böhrandan çıxması kimi qələmə verilir. Bizdə isə iqtisadçılar and-aman edirlər ki, dünyada gedən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına zərrə qədər də olsun təsiri yoxdur. Bu səbəbdən də ANS PRESS ölkənin tanınmış iqtisadçılarına - Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvləri, iqtisadçı millət vəkillərinə müraciət etdi və onların böhranla bağlı fikirlərini öyrəndi.

Hələ təlatümlər olacaq

Milli Məclisin İqtisadi siyasət məsələri daimi komissiyasının üzvü, iqtisadçı Vahid Əhmədov bu məsələ ilə bağlı ANS PRESS-ə bildirib ki, hələ ki dünya iqtisadiyyatının böhrandan çıxdığını demək olmaz. Onun sözlərinə görə, hələ ki strateji məhsulların qiymətlərində aşağı düşmə hiss olunmur: «Düşünürəm ki, dünya bu ilin sonuna qədər də böhran içində olacaq. 2009-cu ilin sonuna qədər də təlatümlər olacaq».

Millət vəkilinin hesablamalarına görə, yalnız 2010-сu ilin ortalarından böhrandan çıxış amilləri qismən nəzərə çarpacaq: «Təbii ki, bu böhran bizim ölkəmizə elə də ciddi təsir etməyib. Müəyyən iqtisadi ziyan vurub. Bu ziyan da özünü bank sektorunda daha qabarıq göstərib».

Bu səbəbdən də V.Əhmədov böhrandan çıxış barəsində danışmağın hələ olduqca tez olduğu qənaətindədir.

İkinci dalğa gözlənilir…

Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü, iqtisadçı Əli Mənsimli ANS PRESS-ə bildirib ki, dünyanın iqtisadi böhrandan çıxması ilə bağlı çox müxtəlif proqnozlar verilirdi. Onun sözlərinə görə, böhran hələ də davam etməkdədir: «Bəzi iqtisadçılar deyir ki, dünyada gedən iqtisadi böhranın ikinci dalğası gözlənilir. Bunda da obyektiv və subyektiv amillərin təsiri var».

Millət vəkili deyir ki, dünya böhrandan o zaman çıxmağa başlayacaq ki, fond birjalarında qiymətli kağızların dəyəri artmağa başlasın: «Əhalinin gəlirlərində artım olsun və təbii ki, valyutaların qiymətində sabitləşmə yaransın. Hələ ki, bütün bunlara nəzər yetirdikdə görünən bircə odur ki, heç bir ciddi dəyişiklik hiss olunmur».

Amma bununla belə Ə.Mənsimli hesab edir ki, böhranın ən ağır mərhələsi və ağır günləri artıq arxada qalıb: «2009-cu ilin sonuna qədər böhranın davam edəcəyi dəqiqdir. Dünya iqtisadçıları yalnız 2010-cu ildən böhrana son qoyulacağını proqnoz edirlər».

İqtisadçının sözlərinə görə, böhranın Azərbaycan iqtisadiyyatına təsiri az olub: «Böhrana baxmayaraq, Azərbaycanda ilin sonuna qədər 3 faiz artım olacağını gözləyirik. MDB dövlətləri arasında yalnız Azərbaycan, Özbəkistan və Qırğızıstan iqtisadiyyatında artım gözlənilir. MDB-nin özündə isə iqtisadiyyatın -3 - -3.5 faiz olacağını ehtimal etmək olar».

Bu səbəbdən də Ə.Mənsimli düşünür ki, hələlik böhranın bitməsi ilə bağlı səslənən fikirlərdə həqiqət faizi çox azdır.

Aqşin Rafiqoğlu /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar