Dünya birjalarında neftin qiyməti artmaqda davam edir
25 Fevral 2011 Cümə 22:56
Bəzi ölkələrdə benzinin, dizel yanacağının bahalaşacağı barədə xəbərdarlıqar səslənir.
Liviyada qarşıdurmalar şiddətləndikcə dünya birjalarında neftin qiyməti də artmaqda davam edir. Bu gün “Brent” markalı “qara qızıl”ın bareli 112 dollardan baha satılıb. Nisbətən keyfiyyətli Azərbaycan neftinin qiyməti isə artıq 115 dolları keçib. Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatına görə, fevralın 24-də keçirilmiş hərracda “Azeri-light” markalı neftin bareli 116 dollar 39 sentə satılıb. Sonuncu dəfə belə qiymət 2008-ci ilin avqustunda qeydə alınıb. Dünya bazarındakı bahalaşma neft idxal edən ölkələri narahat etməyə başlayıb və bəzi hökumətlər benzinin, dizel yanacağının bahalaşacağı barədə xəbərdarlıq edib.
Azərbaycanlı ekspertlər və hökumət rəsmiləri belə halın ölkəmizdə baş verəcəyini proqnozlaşdırmır. İqtisadi Təşəbbüslərə Yardım Birliyinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, birjalarda neftin bahalaşması birbaşa daxili qiymətlərə təsir göstərmir. O hesab edir ki, Azərbaycanda neft məhsulları tənizmlənən qiymətlər daxildir və ona görə də dünya bazarlarında baş verənlər ölkədə bahalaşma üçün təsir göstərə bilməz. Tarif Şurasının da belə qərar verəcəyi gözlənilmir.
Maliyyə naziri Samir Şərifov da birjalarda neftin bahalaşmasının Azərbaycanda enerji daşıyıcılarının qiymətinə təsir etməyəcəyini bəyan edir: “Dövlət Neft Şirkəti o qədər də xam neft satmır ki, bilavasitə orada artım olsun. Daha çox neft məhsulları satır və bu əksər hallarda yerli bazarlarda baş verir. Bilirsiniz ki, indi artım gözlənilmir”.
Tarif Şurasının katibi Elşən Əsədov isə benzinin və digər enerji daşıyıcılarının tariflərinin artırılmayacağını bir daha vurğulayıb: “Bu gün gündəlikdə benzinin bahalaşması durmur və bu məsələyə baxılmır”.
Qeyd edək ki, Azərbaycanda neft məhsullarının qiyməti sonuncu dəfə 2007-ci ilin yanvarında artırılıb. Bundan 20 ay sonra, yəni 2008-ci ilin avqustunda birjalarda “qara qızıl” 149 dollara qədər bahalaşsa da, o vaxt Azərbaycan hökuməti neft məhsullarının qiymətlərinə dəyişiklik etmədi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: